LƏNKƏRAN, 30 oktyabr. TELEQRAF

27 oktyabr saat 23:30 radələrində Lənkəran rayonunda xəsarət alması səbəbilə 1996-cı il təvəllüdlü (kişi) şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Ona alt çənənin sınığı diaqnozu təyin olunub.

Pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilib. Daha ixtisaslı tibbi xidmət üçün pasiyent Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

***

10:00

Lənkəran şəhəri ərazisində bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.

Hadisə barədə Teleqraf-ın cənub bürosu xəbər verir ki, insident nəticəsində iki nəfər xəsarət alıb.

Oktyabrın 28-də gecə saatlarında Hirkan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Alim Şükürzadə Lənkəran şəhər sakini, 1996-cı il təvəllüdlü Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb.

Orada A.Şükürzadə dostları — 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da A.Şükürzadə tərəfindən döyülüb.

Hadisə ilə əlaqədar Alim Şükürzadə, Elşad Məmmədov və Elvin Quluzadə polis tərəfindən saxlanılıb. Onların sərxoş vəziyyətdə olduqları müəyyən edilib.

Məlumata görə, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.