BAKI, 20 iyun. TELEQRAF

İran məsələsində Vaşinqton və İsrail arasındakı fikir ayrılıqları bizi son məqsədə aparan yollarla bağlı ola bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ vitse-prezidenti J.D. Vens "Fox News"a müsahibəsində bildirib.

"Məqsədlərlə bağlı fikir ayrılığının olub-olmadığını bilmirəm. Bəzən fikir ayrılığı sadəcə bu məqsədlərə necə çatmaqla bağlıdır. Amerika Birləşmiş Ştatlarının Prezidenti, İsrail hökumətinin bəzi nümayəndələrinin mövqeyinin əksinə olaraq, bu danışıqlara şans verəcəyimizi bildirib", - deyə Vens bildirib.

Bu bəyanat Vensin Yaxın Şərqdə davam edən münaqişə fonunda İsrailin hərəkətlərini açıq şəkildə tənqid etməsindən bir neçə gün sonra verilib. Vens ABŞ Prezidenti Donald Trampın İsraili açıq şəkildə dəstəkləyən azsaylı dünya liderlərindən biri olduğunu vurğulamışdı.

"Donald Tramp bütün dünyada hazırda İsrailə rəğbət bəsləyən yeganə dövlət başçısıdır. Eyni zamanda, o, qlobal supergücün lideridir. Əgər mən İsrail hökumətinin üzvü olsaydım, hələ də sahib olduğum yeganə güclü müttəfiqə hücum etməzdim", - Vens deyib.