BAKI, 21 iyun. TELEQRAF
Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Polşa prezidenti Karol Navrotskinin Volodimir Zelenskinin mükafatdan məhrum edilməsi qərarına etiraz olaraq 1997-ci ildə aldığı "Ağ Qartal" ordenindən imtina etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “Yevropeyskaya Pravda” qəzeti məlumat yayıb.
Kuçma prezidentliyi dövründə Polşa ilə münasibətlərin inkişafına və iki ölkə arasında tarixi fərqlərin həllinə böyük diqqət yetirdiyini xatırladıb. O, Ukrayna ilə Polşa arasında barışıq haqqında 2003-cü ildə imzalanmış birgə bəyanatın əhəmiyyətini vurğulayıb. Bu bəyanat o vaxtkı Polşa prezidenti Aleksandr Kvasnevski ilə birlikdə II İoann Pavelin mənəvi vasitəçiliyi ilə hazırlanıb.
Qeyd edək ki, Zelenski ilə yanaşı Ukraynanın keçmiş prezidentləri Petro Poroşenko, Viktor Yuşşenko Polşanın ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" ordenindən imtina ediblər.
20 iyunda Zelenski "Ağ Qartal" ordenini Polşa prezidenti Karol Navrotskiyə qaytardığını elan edib.
Navrotski bildirib ki, Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə "UPA Qəhrəmanları" (Ukrayna Üsyançı Ordusu) adını vermək qərarı ilə əlaqədar olaraq onu "Ağ Qartal" ordenindən məhrum etmək qərarına gəlib.
UPA üzvləri Polşada cinayətkar hesab olunurlar və 1943-cü ildə Volında 100 mindən çox Polşa vətəndaşının qətlində günahkar bilinirlər.
Bəzi Ukrayna rəsmiləri - Ukraynanın Polşadakı səfiri Vasil Bodnar, Zelenskinin ofisinin rəhbəri Kirilo Budanov, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşa hökumətindən aldıqları orden və medallardan imtina ediblər.