BAKI, 21 aprel. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğın tam söndürülüb.

Nazilikdən Teleqraf-a verilən xəbərə görə, yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400 kv.m olan elektronika və digər malların saxlanıldığı anbar 360 kv.m sahədə yanıb.

Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.

***

12:46

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən anbarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

12:38

Bakının Nizami küçəsindəki yanğın məhdudlaşdırılıb.

Bu barədə Teleqraf-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

***

12.32

Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN Mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, hazırda ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilməklə yanğın nəzarətə alınıb.

Hazırda yanğının tam söndürülməsi əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

***

12.01

Bakının Nəsimi rayonunda anbarda baş verən yanğın davam edir.

Teleqraf-ın əməkdaşı xəbər verir ki, hadisə yerində FHN-in qərargahı yaradılıb. Yanğının söndürülməsi üçün 5 əsas, 2 xüsusi avtomobil cəlb olunub.

Yanğın baş verən əraziyə yaxın binadakı sakinlər təxliyə edilib. ​Hadisə yerinə 14 yanğın avtomobili, 61 nəfər şəxsi heyət cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Bundan başqa, hadisə yerinə FHN-nin riskli xilasetmə qüvvələri cəlb olunub.

Yanğın baş verən anbarın dam örtüyü - dəmir list deformasiyaya uğrayıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

anğınla bağlı Fövqəladə Hallar Nazirliyi daha bir məlumat yayıb. Məlumatda deyilir ki, Nizami küçəsində anbarda yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

***

11.30

Paytaxtın Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

11.03

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.