
LƏNKƏRAN, 19 mart. TELEQRAF
Bu gün səhər saatlarında Lənkəranda əsən güclü külək iri gövdəli ağacı magistral yola aşırıb.
Teleqraf-ın Cənub bölgəsi üzrə müxbiri xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistral yolunun Vilvan kəndi ərazisində baş verib.
Ağacın aşması nəticəsində kəndin elektrik təsərrüfatına ciddi ziyan dəyib və 850 abonent işıqsız qalıb.
Sakinlərin bildirdiyinə görə, təhlükə yaradan ağacla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, heç bir tədbir görülməyib. Hadisə Novruz bayramı ərəfəsində baş verdiyi üçün sakinlər elektrik enerjisinin kəsilməsindən ciddi narahatlıq keçirirlər. Onlar bildirirlər ki, elektrik sobalarında bişirilən çörəklər və hazırlanan bayram yeməkləri yarımçıq qalıb.
Hazırda əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib. Magistral yolda hərəkətin bərpası və kəndə elektrik enerjisinin verilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, səhər saatlarında müşahidə edilən güclü külək hazırda səngiyib və rayon ərazisində günəşli hava şəraiti hökm sürür.