Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxüilslam Allahşükür Paşazadə İranın Azərbaycanda səfərdə olan təhsil naziri Əliəsgər Fanini qəbul edib.

Teleqraf.com-un məlumatına görə, qonaqları salamlayan A.Paşazadə İranla Azərbaycan arasında bütün sahələrdə yüksək əməkdaşlığın mövcud olduğunu vurğulayıb.

O, qeyd edib ki, hər iki ölkə tərəfindən mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi istiqamətində çox mühüm addımlar atılır.

Bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini deyən A.Paşazadə vurğulayıb ki, təhsil bizim üçün müqəddəsdir.

A.Paşazadə bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə bütün sahələr uğurla inkişaf edir.

O, qeyd edib ki, sovet dövründə Azərbaycanda yalnız 17 məscid olub, lakin müstəqillik qazandıqdan sonra məscidlərin sayı xeyli artıb.

QMİ sədri vurğulayıb ki, bu gün Azərbaycanda dini münaqişə yoxdur, ölkədə dinlər və təriqətlər arasında münasibətlər yüksək səviyyədədir.