BAKI, 29 aprel. TELEQRAF

"Prezident İlham Əliyevin sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı Azərbaycan vətəndaşlarına bu fəlakət nəticəsində dəymiş zərərin tam şəkildə ödənilməsi ilə əlaqədar bütün məsələləri əhatə edir. Bu sosial yönümlü sərəncamın əhəmiyyəti çox böyükdür".

Bu sözləri Teleqraf-a Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədri, deputat Musa Quliyev bildirib.

Onun sözlərinə görə, dövlət başçısı özünün ehtiyat fondundan 86 milyon manata yaxın vəsait ayırdı ki, sel və daşqınların törətdiyi fəsadlar qısa müddətdə aradan qaldırılsın və yeni baş verə biləcək hadisələrin qarşısı alınsın.

“150-yə yaxın vətəndaşın evi yenidən tikiləcək, digər evlər isə əsaslı şəkildə təmir olunacaq. Həmçinin zərər görmüş məişət əşyalarının yenilənməsi üçün də vəsait ayrılıb. Evləri tikilənə qədər həmin vətəndaşların kirayə ilə təmin olunması üçün də vəsait nəzərdə tutulub.

Digər tərəfdən, sosial infrastruktura dəymiş zərərlərin aradan qaldırılması məsələnin sosial mahiyyətini daha da ön plana çıxarır. Hər bir Azərbaycan vətəndaşı əmindir ki, istənilən fövqəladə vəziyyətdə, böhran və təbii fəlakət zamanı Azərbaycan Prezidenti onun yanındadır", - deyə qeyd edib.

"Problem kompleks şəkildə həll olunur"

Komitə sədri hesab edir ki, sərəncamın digər mühüm tərəfi onun kompleks yanaşmanı özündə ehtiva etməsindədir:

"Cənab Prezident bu sərəncamda sel fəsadlarının aradan qaldırılması üçün məsul olan bütün dövlət qurumlarına müvafiq tapşırıqlar verib, vəsait ayırıb. Bu prosesə Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və digər qurumlar cəlb olunub. Problem kompleks şəkildə həll olunur.

Sərəncamın başqa bir əhəmiyyəti onun vaxtında verilməsidir. Mart-aprel aylarında yağıntılar nəticəsində yaranan selin fəsadları qısa müddətdə təhlükəsiz vəziyyətə gətirilib, indi isə bərpa prosesi aparılır və payıza qədər bu işlərin tamamlanması nəzərdə tutulur.

Bu sərəncam bir daha göstərir ki, Azərbaycan dövləti öz vətəndaşının yanındadır. Hər bir çətin anda Azərbaycan vətəndaşı öz dövlətinə güvənə bilər və güvənir".

"Qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac var"

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də sərəncamın əhəmiyyətinə toxunub:

"Bu sərəncam vətəndaşlara göstərilən qayğı və diqqətin bir ifadəsidir. Çünki bu il yağan yağışlar insanlara, təsərrüfatlara xeyli ziyan vurdu. Sel və daşqınların təhlükəsinin aradan qaldırılması üçün müvafiq orqanlara ciddi tapşırıqlar verilib. Mübarizənin daha ciddi şəkildə aparılması bir vəzifə kimi qarşıya qoyulub.

Əlbəttə, görülən işlər çoxdur, ancaq görüləsi işlər də var. Bu gün mütləq qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac var. Çünki iqlim dəyişiklikləri, atmosferə atılan tullantılar və dünyada gedən müharibələr təbiətə çox ciddi ziyan vurur. Bu isə sel və daşqınların yaranmasına şərait yaradır.

Ardıcıl yağan yağışlar və dolunun təsərrüfatlara vurduğu ziyan müəyyən qaydada ödənilməlidir. Çünki bu, təbii fəlakətdir və insanların iradəsindən asılı deyil. Bunun qarşısını almaq üçün ilkin tədbirlərin görülməsi günün tələbidir".

"Kollektorların üzərində tikilən evlər, axarı olmayan ərazilərdə salınan binalar ciddi təhlükə yaradır"

Tahir Rzayevin fikrincə, bu sahədə vətəndaşların özləri də ayıq-sayıq olmalıdırlar: "Çünki bu gün elə evlər var ki, onlar təhlükəli zonalarda, çay kənarlarında və su yataqlarında tikilib. Hər bir vətəndaş bu sahədə öz vəzifəsini bilməlidir. Dövlətin qanun və qaydalarına əməl olunmalıdır.

Bakıya yağan ardıcıl yağışlar göstərdi ki, hələ də şəhər təsərrüfatında ciddi problemlər mövcuddur. Bu problemlərin bir qismi müvafiq orqanların səhvlərindən qaynaqlansa da, digərləri vətəndaşların məsuliyyəti ilə bağlıdır. Kollektorların üzərində, qaz xətlərinin və yüksək gərginlikli elektrik xətlərinin altında tikilən evlər, axarı olmayan ərazilərdə salınan binalar ciddi təhlükə yaradır. Daşqınlar nəticəsində ilk növbədə məhz bu evlərə ciddi ziyan dəyir.

Ona görə də ölkə rəhbərinin imzaladığı sərəncam vacib və əhəmiyyətli sənəddir. Çünki əlavə tədbirlərin həyata keçirilməsi üçün ehtiyat fondundan 86 milyon manata yaxın vəsait ayrılıb. Bu, ölkə rəhbərinin vətəndaşlara qayğı və diqqətinin bariz nümunəsidir. Ölkə rəhbəri vətəndaşların problemləri barədə ciddi düşünür, baş vermiş ziyanların aradan qaldırılması üçün alternativ tədbirlərin görülməsini bir vəzifə kimi müvafiq orqanlara tapşırır və bunun üçün maliyyə ayrılmasını zəruri hesab edir".