BAKI, 1 may. TELEQRAF
Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib.
Teleqraf Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4005 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatda olub.
Məlumata görə, əsir və itkin düşmüş, eləcə də girov götürülmüş şəxslərlə əlaqədar Dövlət Komissiyasında hazırda ümumilikdə 3999 nəfər qeydiyyata alınıb.
Onlardan 3218 nəfəri hərbçi, 781 nəfəri isə mülki şəxslərdir. Mülki şəxslər arasında 71 uşaq, 287 qadın və 319 qoca var.
Qeydiyyata alınan şəxslərin 3711 nəfərini kişi, 288 nəfərini isə qadınlar təşkil edir.
Bundan əlavə, şəxsiyyəti müəyyən edilərək ailələrinə təhvil verilmiş və dəfn olunmuş itkin-şəhidlərin sayı 220 nəfərdir.
Həmçinin, əsir və girovluqdan azad edilənlərin ümumi sayı 1702 nəfər təşkil edir. Onlardan 424 nəfəri hərbçi, 1278 nəfəri isə mülki şəxsdir.