BAKI, 31 may. TELEQRAF
Almaniyanın xarici işlər naziri Yohann Vadeful İsrail ordusunun Livanın cənubunda əməliyyatlarını genişləndirməsinin ciddi narahatlıq doğurduğunu bildirib və tərəfləri atəşkəs rejiminə qayıtmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Vadeful İsrail və Livanın paytaxt Vaşinqtonda davam edən danışıqlarını müsbət qiymətləndirərək, bu formatın nəticə əldə etmək üçün doğru platforma olduğunu vurğulayıb.
Nazir İsraili və şiə hərəkatı olan “Hizbullah”ı daha əvvəl razılaşdırılmış atəşkəs rejiminə qayıtmağa səsləyib.
"İsrail ordusunun Livanın cənubunda daha da irəliləməsi ciddi narahatlıq doğurur", - deyə Almaniya XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, İsrail “Hizbullah”a qarşı əməliyyatlar zamanı mülki əhalinin və mülki infrastrukturun qorunmasını təmin etməlidir.
Vadeful qeyd edib ki, gərginliyin daha da artması Livandakı vəziyyəti ağırlaşdırır və yeni məcburi köçkün dalğalarına səbəb olur.
Alman diplomat hesab edir ki, Livanda sabitliyin əsas şərti dövlət institutlarının gücləndirilməsi və ölkə ərazisində silahlı qüvvələr üzərində tam nəzarətin mərkəzi hakimiyyətin əlində cəmləşməsidir.
Onun fikrincə, Vaşinqtonda İsrail və Livan arasında aparılan danışıqlar münaqişənin siyasi həlli üçün ən uyğun mexanizmdir və “Hizbullah” bu sülh prosesinə mane olmamalıdır.