BAKI, 1 iyun. TELEQRAF
ABŞ-nin Nyu-Cersi ştatında yerləşən Delani Holl miqrant saxlanma mərkəzi ətrafında etiraz aksiyalarının gərginləşməsi səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Nyu-Cersi Ştat Polisi etirazçıların girişini məhdudlaşdırmaq üçün mərkəzin ətrafındakı qadağan olunmuş zonanı genişləndirib. Eyni zamanda, saxlanılan şəxslərlə ailə görüşlərinin bərpa olunduğu açıqlanıb.
Nyu-Cersi qubernatoru Miki Şerrillin sözlərinə görə, polis müşayiəti ilə ailələr yaxınlarını ziyarət edə biləcəklər.
Nyuark şəhərinin meri Ras Baraka isə mərkəzin ətrafındakı ərazidə gecə komendant saatı tətbiq edib.
Son iki gün ərzində etiraz aksiyaları zamanı doqquz nəfər saxlanılıb. Ştat polisi şənbə günü üç, cümə günü isə altı nəfərin həbs edildiyini bildirib.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi isə Delani Holl mərkəzində fəaliyyətin adi qaydada davam etdiyini açıqlayıb.
Qeyd edək ki, 1000 yerlik Delani Holl mərkəzi ABŞ Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) sifarişi ilə GEO Group şirkəti tərəfindən idarə olunur. Demokrat siyasətçilər və miqrant hüquqları müdafiəçiləri mərkəzdəki şəraiti tənqid edərək onun bağlanmasını tələb edirlər.
ABŞ Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffris mərkəzə səfər etdikdən sonra "Delani Holl dərhal bağlanmalıdır" bəyanatı ilə çıxış edib.