BAKI, 1 iyun. TELEQRAF
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-nin bir sıra meksikalı siyasətçilərin ekstradisiyası tələbi və onlara qarşı irəli sürülən ittihamların 2026-cı ildə ABŞ-də keçiriləcək seçkilərlə bağlı ola biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Mexiko şəhərində Respublika meydanında çıxışı zamanı danışıb.
Şeynbaumun sözlərinə görə, ABŞ hökumətinin hərəkətlərinin həqiqətən mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədi daşıyıb-daşımadığı sual doğurur.
"Bu, doğrudanmı Meksikaya kömək etmək üçün səmimi cəhddir? Doğrudanmı məqsəd mütəşəkkil cinayətkarlıqla mübarizədir? Yoxsa ABŞ-nin ultrasağ siyasi dairələri ölkəmizdən 2026-cı il seçkiləri öncəsi siyasi məqsədlər üçün istifadə edirlər?" - deyə Meksika Prezidenti bildirib.
O qeyd edib ki, ABŞ Ədliyyə Nazirliyi bəzi meksikalı siyasətçilərin, o cümlədən Sinaloa ştatının qubernatorunun narkokartellərlə əlaqələrdə ittiham edilərək təcili ekstradisiyasını tələb edib. Lakin bu ittihamları təsdiqləyən sübutlar ictimaiyyətə təqdim olunmayıb.
Şeynbaum vurğulayıb ki, belə bir addım Meksika-ABŞ münasibətləri tarixində görünməmiş hadisədir və xaricdən hansısa şəxslərin günahkar elan edilməsinə cəhd ölkənin daxili işlərinə yolverilməz müdaxilə hesab olunmalıdır.