BAKI, 31 may. TELEQRAF
Suriya Prezidenti Əhməd əl-Şaraa ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ikitərəfli münasibətləri, Dəməşqə qarşı qüvvədə qalan sanksiyaların ləğvini və ölkənin iqtisadi bərpası məsələlərini müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, Əhməd əl-Şaraa ölkənin bərpa mərhələsində beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, qalan sanksiyaların ləğvi iqtisadiyyatın canlanması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün zəruri şərtdir.
Suriya lideri həmçinin investisiyaların təşviq olunmasının, iqtisadi və infrastruktur layihələrinin əsas sahələrə qaytarılması üçün əlverişli şərait yaradılmasının vacibliyini qeyd edib.
Telefon danışığı zamanı tərəflər Yaxın Şərqdə davam edən gərginlik fonunda regional təhlükəsizlik məsələlərinə də toxunublar.
Əl-Şaraa münaqişələrin həllində diplomatik vasitələrə və dialoqa üstünlük verilməsinin vacibliyini vurğulayıb.
Bəyanata əsasən, Donald Tramp da Suriyada və regionda baş verən proseslərlə maraqlandığını bildirərək sabitliyin qorunmasının, ölkənin bərpasının və müharibədən sonrakı yenidənqurma prosesinin dəstəklənməsinin əhəmiyyətini qeyd edib.