BAKI, 1 iyun. TELEQRAF
Kolumbiyada prezident seçkiləri zamanı səsvermə prosesi sakit və təhlükəsiz şəraitdə baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Kolumbiyanın Vətəndaş Vəziyyəti Aktlarının Milli Reyestrinin rəhbəri Ernan Penyaqos məlumat verib.
Seçki məntəqələrinin bağlanış mərasimində çıxış edən Penyaqos milyonlarla vətəndaşın səsvermədə iştirak etdiyini bildirib.
"Bu gün milyonlarla kolumbiyalı dinc və sabit şəraitdə səs verdi", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, seçkilərin ilkin nəticələri əsasında ümumi tendensiyanı müəyyən etməyə imkan verəcək məlumatların yerli vaxtla saat 18:30-da açıqlanacağı gözlənilir.
Məlumata görə, ölkənin ali dövlət postu uğrunda 11 namizəd mübarizə aparır. Son sorğulara əsasən, hakim solçu "Tarixi Pakt" koalisiyasının namizədi İvan Sepeda, ifrat sağçı iş adamı Abelardo de la Espriyelya və mərkəz sağ yönümlü "Demokratik Mərkəz" partiyasının təmsilçisi Paloma Valensiya seçki yarışının əsas favoritləri hesab olunur.
Birinci turda qələbə qazanmaq üçün namizəd seçicilərin səslərinin mütləq əksəriyyətini – 50 faiz üstəgəl bir səs toplamalıdır. Heç bir namizəd bu nəticəni əldə etməzsə, iyunun 21-də ikinci tur keçiriləcək.
Qeyd edək ki, hazırkı Prezident Qustavo Petro 2022-ci il avqustun 7-də vəzifəsinin icrasına başlayıb. Kolumbiya Konstitusiyasına əsasən, dövlət başçısının ardıcıl ikinci müddətə namizəd olması qadağandır.