BAKI, 1 iyun. TELEQRAF
Kolumbiyada keçirilən prezident seçkilərinin ilk turunda ifrat sağçı siyasətçi və iş adamı Abelardo de la Espriyelya ilə hakim solçu "Tarixi Pakt" partiyasının namizədi İvan Sepeda ikinci tura yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə TASS Kolumbiyanın Vətəndaş Vəziyyəti Aktlarının Milli Reyestrinin açıqladığı ilkin nəticələrə istinadən məlumat yayıb.
Səslərin 92,85 faizinin hesablanmasından sonra açıqlanan nəticələrə görə, Abelardo de la Espriyelya 43,63 faiz, İvan Sepeda isə 41,17 faiz səs toplayıb.
Qanunvericiliyə əsasən, birinci turda qələbə qazanmaq üçün namizəd seçicilərin səslərinin mütləq əksəriyyətini, 50 faiz üstəgəl bir səsi əldə etməlidir. Bu göstəriciyə heç bir namizəd çatmadığı üçün ikinci tur iyunun 21-də keçiriləcək.
Hazırkı Prezident Qustavo Petronun siyasi kursunu dəstəkləyən senator İvan Sepeda sosial-iqtisadi islahatların davam etdirilməsinin tərəfdarıdır. O, əmək qanunvericiliyinin yenilənməsi, sosial təminatların genişləndirilməsi, iri aktivlərə əlavə vergilərin tətbiqi və böyük şirkətlər üçün bəzi güzəştlərin azaldılmasını təklif edir.
Abelardo de la Espriyelya isə özünü sistemdənkənar siyasətçi kimi təqdim edir. Onun seçki proqramının əsas istiqamətləri cinayətkarlığa qarşı sərt mübarizə, dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılması, dövlət xərclərinin ixtisarı, ixracın artırılması və faydalı qazıntı hasilatının genişləndirilməsidir.
Məlumata görə, Sepeda seçki kampaniyası zamanı Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsinə yönəlmiş ABŞ əməliyyatını sərt tənqid edən yeganə əsas namizəd olub.
De la Espriyelya isə ABŞ və İsraillə hərbi əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır. O, həmçinin narkokartellərə məxsus laboratoriyalara qarşı əməliyyatlarda ABŞ hərbçilərinin iştirak imkanının nəzərdən keçiriləcəyini bildirib.