
BAKI, 30 may. TELEQRAF
Yenilənən dünyanın tələblərindən biri də süni intellektdən istifadədir. Bu gün süni intellekt həyatımızın bir çox sahələrinə nüfuz edib. Mediada da süni intellektdən istifadə halları artmaqdadır.
Süni intellektdən istifadənin genişlənməsi isə bəzi suallar yaradır.
Süni intellektdən istifadənin faydaları, zərərli təsirləri nələrdir? Media orqanlarının hazır süni intellekt kontenti istifadə etməsi jurnalist araşdırması və analiz səviyyəsinə necə təsir edir? Süni intellektdən istifadə mediada müəllif yazılarını arxa plana ata bilərmi?
Teleqraf mediada süni intellekt - faydalar və yan təsirləri barədə araşdırma hazırlayıb.
Süni intellektdən istifadə jurnalisti tənbəlləşdirir
Əməkdar jurnalist Qulu Məhərrəmli mövzu ilə bağlı sualımıza cavab olaraq bildirdi ki, süni intellektin mediada istifadə edilməsinin müsbət cəhətləri ilə yanaşı bəzi mənfi təsirləri də var.
“Süni intellektin müsbət tərəfi odur ki, o, resursları tapıb, toplayıb jurnalistə verir. Mənfi cəhəti isə odur ki, jurnalisti tənbəlləşdirir. Jurnalist arxayınlaşır, materialı yoxlamır. Bu da gələcəkdə dezinformasiyaların yayılmasına, materialın səviyyəsinin aşağı düşməsinə, peşəkarlığın zərər görməsinə gətirib çıxarır”.
Süni intellektdən istifadə mediada müəllif yazılarını arxa plana ata bilərmi?
Qulu Məhərrəmli deyir ki, süni intellektdən istifadə heç bir halda müəllifi əvəz edə bilməz.
“İndi jurnalistikada, reportajlarda, analitik yazılarda süni intellektdən istifadə geniş yayılıb. Bu yaxınlarda BDU və Üsküdar Universitetinin təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirildi. Orada qoyulan mövzuların bir neçəsi bu problemə həsr olunmuşdu. Süni intellektdən istifadənin genişləndirilməsi medianı hansı təhlükələrlə üz-üzə qoyur? Əlbəttə, süni intellektdən istifadə etmək normaldır, amma bu heç bir halda müəllifi əvəz edə bilməz. Saytda, qəzetdə material hazırlayanda süni intellektdən istifadə edilirsə, ora müəllif imzası qoymaq etik deyil. Materialda süni intellektdən istifadə edildiyini isə mütləq qeyd etmək lazımdır. Ona görə də, jurnalistləri və sayt rəhbərlərini bu məsələdə həssas olmağa çağırıram”.
Süni intellekt 85 milyon iş yerinin itirilməsinə yol açacaq
Ötən gün Bakıda əcnəbi jurnalistlərin iştirakı ilə süni intellekt və jurnalistika mövzusunda keçirilən panel müzakirələrdə də bu mövzuya toxunuldu.
Türkiyə Süni İntellekt Siyasətləri Dərnəyinin rəhbəri Zafer Küçükşabanoğlu panel müzakirələr zamanı bildirdi ki, süni intellekt bütün dünyada təqribən 85 milyon iş yerinin itirilməsinə yol açacaq.
“Bu, bütün dünyada özünü göstərəcək proses olacaq. 97 milyon isə yeni iş yeri yaradacaq. 2030-cu ildən sonra süni intellektdən karyerasından istifadə etməyən heç bir insan uğurlu olmayacaq".
NTV-nin Egey bürosunun rəhbəri Merih Ak da vurğulayıb ki, heç bir süni intellekt media adamlarının yerini tuta bilməz.
Həmin konfransda Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin müşaviri Prof. Dr. Levent Eraslan çıxışında süni intellektin hazırladığı materiala görə heç kimin məsuliyyət daşımadığını qeyd edib:
“Bu səbəbdən asanlıqda “deep fake”lərdən istifadə edilir, insanlar manipulyasiyaya məruz qalır".
Bir müddət süni intellekt alətlərindən istifadə etdim, amma sonra düşündüm ki...
Media eksperti Azər Həsrət hesab edir ki, mediada süni intellektdən istifadə müəyyən informasiyaların sürətli əldə edilməsi, çevikliyin təmin edilməsi baxımından əlverişlidir.
“Süni intellektdən istifadə artıq həyatımızın bir parçasına çevrilib. Mediada bundan istifadə halları artıb. Mən də bir müddət süni intellekt alətlərindən istifadə etdim. Sonra düşündüm ki, süni intellektdən jurnalistikada istifadə etmək o qədər də uyğun deyil. Müəyyən informasiyaların sürətli əldə edilməsi, çevikliyin təmin edilməsi baxımından əlverişlidir, amma düşünürəm ki, süni zəka insan zəkasını əvəz edə bilməz”.
Media eksperti Azər Həsrət süni intellektin bizim yerimizə həyatımızı da idarə edəcəyindən və nəticə etibarilə insan həyatının dəyərsizləşməsinə gətirib çıxaracağından narahatlığını da ifadə edir:
"Bu baxımdan mən insan zəkasına üstünlük verir, süni intellektdən az-az istifadə etməyə çalışıram. Süni intellekt yeni dünyanın bir parçası olmaqla yanaşı həm də insanlığı başqa bir yerə aparır. Təəssüf ki, bundan çıxış yolu da yoxdur”.
Süni intellektlə yaradılan məzmundakı səhvlərə redaksiya cavabdehdir
Bəs süni intellekt tərəfindən yaradılan məzmunda yanlış məlumat olarsa, onun yayımında kim cavabdehdir, məsuliyyət kimin üzərinə düşür?
Bu sualımıza İKT mütəxəssisi, texnobloger Fərid Pərdəşünas cavab verdi:
“Süni intellekt tərəfindən yaradılan məzmunda hansısa yanlışlar olarsa, buna redaksiya cavabdehdir. Bu o deməkdir ki, məzmunu yoxlamadan yayımlayıblar. Süni intellektin halüsinasiya görmə ehtimalı var. Bu, bütün dünyada süni intellektlərin ən önəmli problemi hesab olunur. Xüsusən də, araşdırma məlumatlarda süni intellektlər xətalar edə bilir. Redaktor, jurnalist mütləq bu məlumatları bir neçə dəfə yoxladıqdan sonra qərar verməlidir. Azərbaycanın süni intellekt strategiyasında bu məsələlər də nəzərdə tutulub. Gələcəkdə bunlar da qanunla tənzimlənəcək".
Süni intellekt jurnalist araşdırmasında sadəcə bir alət olmalıdır
Media orqanlarının hazır süni intellekt kontenti istifadə etməsi jurnalist araşdırması və analiz səviyyəsinə necə təsir edir?
Fərid Pərdəşünas hesab edir ki, süni intellektin hansısa bir siyasi hadisəni dəyərləndirmək, fərdi yanaşma, fərdi fikir ortaya qoymaq qabiliyyəti yoxdur:
“Süni intellekti redaktə və korrektə işlərində jurnalistin işini asanlaşdırmaq üçün bir vasitə kimi istifadə etmək lazımdır. Süni intellektin araşdırma əsaslı xəbərləri o qədər də uğurlu alınmır. Hər hansısa bir siyasi hadisəni dəyərləndirmək, fərdi yanaşma, fərdi fikir ortaya qoymaq qabiliyyəti yoxdur. Təəssüf ki, Azərbaycanda jurnalist araşdırmalarına əsaslanan saytların sayı azdır. Əksər saytlar xarici xəbərləri tərcümə edir və ya “copypast”la məşğuldur. Press-reliz yayırlar. Buna görə də artıq süni intellekt alətlərindən geniş istifadə edirlər. Jurnalistikada süni intellekt tərcümə, "copypast" jurnalistikasına ciddi təsir göstərir. Bu hissədə jurnalistin işini əlindən alır. Süni intellekt jurnalist araşdırmasında sadəcə bir alət olmalıdır. Total araşdırmanı süni intellektlə edirsənsə, fərdi yanaşma və analiz olmayacaq”.
Xəbər saytlarında süni intellektlə hazırlanan materiallar oxucu itkisinə yol aça bilər
Fərid Pərdəşünasın sözlərinə görə, xəbər saytlarının süni intellekt vasitəsilə tez hazırlanan xəbərlərə üstünlük verməsi oxucuda "bütün materiallar eynidir" fikrini formalaşdıra bilər:
“Çünki süni intellektlər müəyyən bir dəst-xətt, çərçivə əsasında məqalə formalaşdırır və bu da müəyyən problemlərə yol aça bilər. Məqalə hazırlayanda bir neçə süni intellekt alətindən köməkçi kimi istifadə etmək daha məntiqəuyğundur. Etibarlı bir mənbəniz varsa, süni intellektdən tərcümə aləti kimi istifadə edə bilərsiniz. Amma tərcümə etdiyiniz materialı da mütləq redaktə etməli, cümlələri uyğunlaşdırmalısınız, birbaşa "copypast" etmək lazım deyil”.