“İşğal olunmuş Azərbaycan torpaqlarında girov götürülmüş iki azərbaycanlının qaytarılması məsələsi hər zaman gündəmdədir. Bilirsiniz ki, bu məsələni ABŞ dövlət katibinin müavini Viktoriya Nuland da Ermənistanda səfərdə olarkən qaldırıb. Artıq hamıya bəllidir ki, ermənilər onları girov saxlaya bilməzlər də geri qaytarmalıdırlar. Mən əminəm ki, biz onları gec-tez geri qaytaracağıq”.

Teleqraf.com-un məlumatına görə, bunun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona baş tutan son səfəri barədə də danışan nazir həmsədrlərin bu məsələni yerindən tərpətməyə çalışdıqlarını deyib:

“Bəzi texniki xarakterli məsələlər var ki, həmsədrlər onlar üzərində işə başlanılmasını istəyirlər. Burda da məqsəd odur ki, sonra texniki məsələlərə görə vaxt itirilməsin. Biz buna hazırıq. Beynəlxalq Bankla, Dünya Bankı ilə bununla bağlı ilkin razılaşmamız var. Ancaq biz hansısa bir işin görülməsinə məcburi köçkünlər geri qayıtdıqdan sonra başlaya bilərik. Yəni, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş torpaqlardan geri çəkilməlidir. Mən dəfələrlə demişəm ki, söhbət atəşkəsin pozulmasından getməməlidir, söhbət “erməni əsgərlərinin Ağdam və Füzulidə nə işi var” məsləsindən getməlidir. Birmənalı olaraq erməni qoşunları işğal altındakı ərazilərdən çıxarılmalıdır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Əfsusalar olsun ki, ikili standartlar burda da öz sözünü deyir. Bəzi qətnamələr qəbul olunmamış icra edilir, bəzi qətnamələr isə illərlə kağız üzərində qalır. Ancaq əminəm ki, biz bu məsələni həll edəcəyik. Biz istəyərdik ki, Ermənistan “Cənub Qaz Dəhlizi” və digər layihələrə qoşulsun. Amma Ermənistan öz siyasəti ilə özünü küncə salır. Əgər onlar regional əməkdaşlıq imkanlarından yararlanmaq istəyirlərsə, ilk növbədə Azərbaycanla sülhə gəlməlidirlər”.

Səxavət