BAKI, 2 dekabr. TELEQRAF

ABŞ administrasiyası ölkənin immiqrasiya siyasətində mühüm dəyişikliklər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

Məqalədə qeyd edilir ki, yeniliklər Green Card sahiblərini və müraciət edənləri birbaşa əhatə edir.

İki əsas dəyişiklik:
- 19 ölkədən olan Green Card sahiblərinin sənədlərinin yenidən araşdırılması
- Bütün xarici vətəndaşlar üçün biometrik giriş-çıxış sisteminin tətbiqi

Bu niyə baş verir?

Bir neçə gün əvvəl Ağ Ev yaxınlığında iki Milli Qvardiya üzvünün Əfqanıstan vətəndaşı tərəfindən güllələnməsindən sonra ABŞ hökuməti təhlükəsizlik yoxlamalarının sərtləşdirilməsinə qərar verib.

Prosess nəticəsində sənəd yoxlamalarının uzanması, əlavə məlumat və sübut tələbləri, bəzilərində statusun dəyişdirilməsi və ya ləğvi mümkündür.

Ən çox hansı ölkələr təsirlənir?

Tam giriş qadağası və maksimal yoxlama Əfqanıstan, Myanma, Çad, Konqo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan, və Yəmənə şamil ediləcək.

Qismən məhdudiyyət və gücləndirilmiş nəzarət Burundi, Kuba, Laos, Siera-Leone, Toqo, Türkmənistan və Venesuela dövlətlərinin vətədaşlarına qarşı olacaq.

Yeni qayda 26 dekabrdan etibarən Daxili Təhlükəsizlik Nazirliyi biometrik giriş-çıxış sistemini tətbiq etməyə başlayacaq.

Bundan sonra ölkəyə daxil olan və ölkəni tərk edən bütün qeyri-vətəndaşlardan (o cümlədən Green Card sahiblərindən) barmaq izi, foto, imza, ehtiyac olarsa iris skanı tələb olunacaq.

Bu sistem gələcəkdə vətəndaşlıq üçün fiziki iştirak tələblərinə, yaşıl kartın ləğvi riskinə, ölkədən uzunmüddətli kənarda qalma ilə bağlı qərarlara təsir göstərə bilər.

Rəsmilə deyir ki, bu addımlar ABŞ-nin təhlükəsizliyini qorumaq və əvvəlki illərdə aparılmış yoxlamaların doğruluğunu yenidən təsdiqləmək üçündür.

Hüquq müdafiə təşkilatları isə məsələ ilə bağlı belə şərh verib ki, bu qaydalar minlərlə qaçqın və Green Card sahibinin statusunu təhlükə altına salır, diskriminasiya yaradır.

Prezident Donald Tramp isə bildirib ki, ABŞ üçün aktiv olmayan heç kim buraya gətirilməyəcək, miqrasiya sistemi yenidən qurulacaq.

Hazırda Green Card sahiblərindən təcili fəaliyyət tələb olunmur. Lakin mütəxəssislər tövsiyə edir ki, bütün sənədlərin, iş və yaşayış sübutlarının, giriş-çıxış tarixlərinin və ailə-iş əlaqələrinin tam və dəqiq şəkildə arxivləşdirilməsi vacibdir.