BAKI, 15 dekabr. TELEQRAF

Avstraliyanın Sidney şəhərində, "Bondi Beach" çimərliyində baş verən silahlı hücumun icraçıları ata və oğul olub. Hadisə nəticəsində azı 16 nəfər ölüb, 40-da çox insan yaralanıb.

Teleqraf xəbər verir ki, hücum yəhudilərin Xanuka bayramı tədbiri zamanı baş verib. Silahlılar Kempbell Paraddan Bondi Pavilyonuna keçidi təmin edən piyada körpüsündə dayanaraq izdihama atəş açıblar. Hadisə zamanı insanlar panika içində ərazidən qaçmağa çalışıb, bir neçə nəfər isə çəmənlikdə yaralı vəziyyətdə hərəkətsiz qalıb.

"Daily Mail" yazır ki, Yeni Cənubi Uels ştatı polisinin məlumatına əsasən, hücum edənlərdən biri Sidneyin cənub-qərbində yerləşən Bonnyriqq rayonundan olan 24 yaşlı Nəvid Əkrəmdir. O, polis tərəfindən güllələnərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və nəzarət altındadır. Onun 50 yaşlı atası isə polis tərəfindən zərərsizləşdirilərək öldürülüb.

Polis komissarı Mol Lanyon bildirib ki, hadisədə üçüncü hücumçu olmayıb. Onun sözlərinə görə, ata rəsmi olaraq silah lisenziyasına malik olub və ona məxsus altı odlu silah hadisə yerində və sonradan aparılan axtarışlar zamanı götürülüb. Hazırda ballistik və məhkəmə-tibbi ekspertizalar aparılır.

Komissar hadisənin mümkün motivlərindən danışmaqdan imtina edərək istintaqın ilkin mərhələdə olduğunu vurğulayıb.

Qeyd edək ki, hadisədən sonra polis Sidneydə Campsie və Bonnyriqq rayonlarında iki evdə axtarış aparıb. Hücum edənlərin həmin ünvanlardan birində qaldığı bildirilir.