“Xocalı soyqırımında birbaşa iştirakını Ermənistanın indiki prezidenti Serj Sərkisyan açıq şəkildə etiraf edib. Qarabağda günahsız insanların tökülən qanlarında onun birbaşa əli var”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu baxımdan, Serj Sərkisyanın dünyada hərbi cinayətkar kimi tanınması üçün petisiyaya 100 min imzanın verilməsi çox əhəmiyyətlidir. Onun sözlərinə görə, hətta imza verənlər arasında əcnəbilər, ermənilər də var:

“Ona görə də, belə addımlar çox əhəmiyyətlidir. Doğrudur, dünyada ikili standartlar mövcuddur, müəyyən beynəlxalq dairələr işğalçı Ermənistanı himayə edir. Belə bir vəziyyətdə petisiya üçün 100 min imzanın toplanmasına baxmayaraq, Sarkisyanın beynəlxalq müstəvidə hərbi cinayətkar elan edilməsinə maneələr ola bilər. Amma bütün hallarda belə bir kamaniyanın böyük əhəmiyyəti var. Çünki insanlar Sərkisyanın kim olduğu daha yaxşı, aydın şəkildə biləcəklər. Hesab edirəm ki, günahsız insanların qanına əli batan Sərkisyan kimilər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər”.

Səxavət