
Fevralın 18-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Azərbaycan, Türkiyə, Almaniya, Rusiya elm mərkəzlərini təmsil edən alim və mütəxəssislərin Qarabağın tarixinə dair elmi əsərlərindən ibarət “Dağlıq Qarabağ üzərinə yazılar” adlı kitabın təqdimat mərasimi keçirilib.
Kitab İctimai Birliyin Qarabağ Araşdırmalar Mərkəzinin təşəbbüsü və dəstəyi ilə Türkiyədə nəşr edilib. İctimai Birliyin sədri, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov tədbirdə çıxış edərək bildirib ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən müxtəlif vaxtlarda məqsədyönlü şəkildə həyata keçirilən terror, etnik təmizləmə, soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə müşayiət olunan çox ağrılı mərhələlərini təşkil edib.
Bu millətçi siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından çıxarmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsi nəticəsində onların bu bölgədə süni surətdə çoxaldılması XX əsrin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına səbəb olub.
Bildirilib ki, bu məqsədlə erməni millətçiləri Daşnaksütyun partiyasının proqramında qarşıya qoyduqları “böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətlərini genişləndirərək XX əsrin əvvəllərindən öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Bu cinayətkar siyasətin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə ermənilər tərəfindən soyqırımına və etnik təmizləməyə məruz qalıblar.
Erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, bu hadisələrə siyasi-hüquqi qiymət verilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu baxımdan kitab Qarabağın tarixi, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin sistemli və obyektiv şəkildə oxuculara çatdırılması işinə kömək olacaq.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov qeyd edib ki, kitabın nəşrində məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır.
O deyib ki, hazırda kitab fondumuzda müxtəlif adda və dillərdə 2 minə yaxın kitab, eləcə də elektron kitablar və filmlər toplanıb. Eyni zamanda, elektron kartotekanın yaradılması, xarici ölkələrdə, o cümlədən Türkiyədə fəaliyyət göstərən elmi mərkəzlərlə əlaqələrin qurulması, həmin mərkəzlərdə çalışan alim və mütəxəssislərin bu işə cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu baxımdan Azərbaycan, Türkiyə, Almaniya, Rusiya elm mərkəzlərini təmsil edən alim və mütəxəssislərin Qarabağın tarixinə dair elmi əsərlərindən ibarət “Dağlıq Qarabağ üzərinə yazılar” adlı elmi məqalələr toplusunun çap olunması mühüm əhəmiyyət daşıyır. Çünki bu kitabdakı məqalələr zəngin mənbələr əsasında yazılıb.
E.Əhmədov qeyd edib ki, biz də çox çətin və mürəkkəb geosiyasi vəziyyətdə Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Prezidentin yürütdüyü böyük siyasətə dəstək verməli, informasiya müharibəsi şəraitində Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndirməliyik. Bu məqsədlə biz dövlət başçısının Azərbaycan vətəndaşları, ziyalıları, diplomatları qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın bütün dünyada ifşa edilməsinə nail olmalıyıq.
AMEA-nın Tarix İnstitutunun Qarabağ şöbəsinin müdiri Qasım Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışlarında qeyd ediblər ki, bu toplu Qarabağın tarixi, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin obyektiv şəkildə öyrənilməsində və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq.