
Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Sənədə əsasən, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.
Müəyyən edilib ki, “Azərişıq” ASC ölkə ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Nazirlər Kabineti iki ay müddətində Azərbaycan ərazisində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görməli, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni nizamnamələrinin və strukturlarının layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikasında sərəncamın 2-ci hissəsində nəzərdə tutulan funksiyaları Muxtar Respublikanın Dövlət Energetika Agentliyi həyata keçirir.
Prezidentin daha bir sərəncamı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə Balababa Rzayev sədr təyin edilib.
Yeniliyi şərh edən iqtisadçı Nazim Məmmədov deyir ki, həm istehsalçı, həm də paylayıcı kimi çıxış etmək bazar prinsiplərinə uyğun olmasa da, mərkəzləşdirilmiş qaydada idarəetmə bu sahədəki çatışmazlıqları aradan qaldıra bilər: “Dünya praktikasında adətən, istehsalçılar sonrakı mərhələdə satışı paylayıcı şirkətlərə ötürürlər. “Bakıelektrikşəbəkə” də əslində Bakının elektrik təchizatını paylayıcı şirkət kimi həyata keçirirdi”.
Nazim Məmmədovun fikrincə, yeni yaradılan “Azərişıq” ASC mürəkkəb bir quruluşa malik olduğu üçün üzərində ona nəzarət edəcək ayrıca bir quruma - ictimai şuraya ehtiyac var.
İqtisadçı dəyişikliyin elektrik enerjisinin tariflərinə təsiri barədə də məlumat verdi: “Son bir neçə ildə “Bakıelektrikşəbəkə”yə 1 milyard manatdan artıq subsidiya verilib. Amma nəticə ürəkaçan olmadı. Strateji baxımdan aidiyyəti qurumların bir mərkəzdə birləşdirilməsi idarəetməni təkmilləşdircək”.
Dəyişikliyin tariflərə təsirinə gəlincə, ekspert bunun artıb-azalmaya təsir etməyəcəyini düşünür.
Beləliklə, dövlət başçısının bu sərəncamı ilə struktur islahatlarında növbəti qərar verildi, iki qurumun birləşdirilməsi nəticəsində məsuliyyətin mərkəzləşdirilməsi baş verdi, idarəetmənin keyfiyyətcə yaxşılaşdırılması üçün konkret addım atıldı.
Naibə QURBANOVA