Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin İrəvan şəhərində Karen Mirzəyanla görüşü məsələsinə aydınlıq gətirib.

Teleqraf.com-un məlumatına görə, H.Hacıyev deyib: “Bu görüş barədə Azərbaycan tərəfinin əvvəlcədən məlumatı vardı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin oktyabr ayında Azərbaycanda səfərdə olan zaman Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb və münaqişənin həllinə dair onların baxışlarını dinləyib. Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslar olmalıdır”.

H.Hacıyev daha sonra deyib ki, Avropa İttifaqı bu təmasların təşviq edilməsində öz rolunu oynaya bilər.

Səxavət