İkinci Dünya Müharibəsindən sonrakı dövrdə ABŞ ilə keçmiş SSRİ arasında gərginlik artdıqca, Amerika müxtəlif ölkələrdə hərbi bazalar yaratmağa başladı. “Soyuq müharibə” dövründə bu bazaların sayı artdı. SSRİ də bir neçə ölkədə hərbi bazasını formalaşdırdı, ancaq Moskva hərbi bazaların sayına görə Vaşinqtondan xeyli geri qalırdı.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri xatırladırlar ki, SSRİ-nin 1991-ci ildə dağılmasıyla “soyuq müharibə” bitib:

“Amerika qələbəsini elan etdi və birqütblü dünyaya keçid baş verdi. Ancaq illər keçdikcə vəziyyət dəyişməyə başladı. Rusiya, Çin, Türkiyə, Braziliya və digər bir qrup ölkə ABŞ-nin hegemonluğunu qəbul etməyərək çoxqütblü dünyanın formalaşması prosesində rol almağa başladı.

ABŞ artıq hər yerə çatdıra bilmir, regional münaqişələr onu taqətdən salır. Bundan istifadə edən bir qrup dövlət regional siyasətlərini gücləndirib. Bu, özünü həmin dövlətlərin müxtəlif ölkələrdə yaratdıqları hərbi bazalarda da göstərir. ABŞ dünyada hərbi bazaların sayına görə ilk yerdə qərar tutsa da, Vaşinqtonun müxtəlif qitələrdə ciddi rəqibləri peyda olub.

Rusiya, Çin və Türkiyə müxtəlif dövlətlər və bölgələrdə, o cümlədən Yaxın Şərq və Afrikada bazalarının sayını artırmağa başlayıb. Məsələn, Rusiya Ukraynada işğalçı müharibəsini davam etdirərkən, uzaq Sudanda hərbi dəniz qüvvələri üçün bazanın yaradılması prosesini sürətləndirib. Kremlin Sudan hökuməti ilə sazişi var. Rusiya və Çin hərbi güclərini artırmaqla yanaşı, bundan sonra da harda mümkündürsə, orda bazalarının sayını artırmağa çalışacaq”.

Analizdə qeyd olunur ki, hərbi bazalar adətən dənizlər və okeanlara çıxışı və maliyyə ehtiyacı olan dövlətlərdə yaradılır:

“Bura Somali, Cibuti, Suriya kimi dövlətləri aid etmək olar. Ancaq təhlükəsizlik baxımından öz ərazisini üçüncü dövlətin hərbi bazası üçün açan varlı ölkələr də var. Məsələn, zəngin Cənubi Koreya özünü kasıb Şimali Koreyadan qorumaq üçün ABŞ-nin hərbi bazalarına ehtiyacı var. Qətər də varlı dövlətdir, ancaq Doha təhlükəsizliyini gücləndirmək və özünü qonşu ölkələrdən birinin hücumundan qorunmaq üçün ABŞ və Türkiyənin hərbi bazalarının öz ərazisində yerləşməsinə şərait yaradıb.

Türkiyə Azərbaycanın da strateji müttəfiqidir, hərbi əməkdaşlıq üst səviyyədədir, birgə hərbi təlimlərin sayı ilbəil artır, iki dövlət arasında birgə hərbi texnikanın istehsalı prosesinə başlanılıb. Prezident İlham Əliyevin “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir” tezisi sürətlə həyata keçirilir. Rusiya Ermənistandan hərbi bazasını çıxarmayacaq. Fransa da hərbi baxımdan Ermənistanda yerləşməyə çalışır. İranın da Azərbaycan siyasəti dəyişməz qalır. Bütün bu amillər Türkiyənin Azərbaycanda hərbi varlığının daha üst səviyyəyə qaldırmasını diktə edir”.

“Atlas”ın ekspertləri hesab edirlər ki, hərbi bazalar strateji ittifaqların təminatçısıdır.