“Artıq Cənubi Asiyanın iki nəhəngi - Hindistan və Pakistan da Cənubi Qafqazda gedən proseslərdə iştirak edir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Qəzet vuğrulayır ki, Hindistana qarşı mübarizədə Pakistan Çin tərəfindən dəstəklənir:

“Pakistan və Hindistan arasındakı düşmənçilik digər bölgələrdə də proqnozlaşdırılır. Heç kimə sirr deyil ki, Azərbaycan, Pakistan və Türkiyə arasında güclü üçtərəfli əlaqələr var. Qarabağ münaqişəsi Ankara-İslamabad-Bakı müttəfiqliyinin daha da dərinləşməsinə zəmin yaratdı. Bunun fonunda “Üç Qardaş” adıyla yüksək rütbəli hərbçilərin qarşılıqlı səfərləri, təcrübə mübadiləsi, hətta birgə hərbi təlimlər təşkil olunur. Söhbət həm də silah təchizatından gedir.

Azərbaycan Pakistandan təkmilləşdirilmiş radar sistemləri və ən müasir silahlarla təchiz edilmiş dördüncü nəsil JF-17 “Thunder Block-III” qırıcılarının alınması imkanını nəzərdən keçirir. Türkiyə isə Pakistanı Azərbaycanla birgə həyata keçirilən KAAN adlı yeni nəsil döyüş təyyarələrinin hazırlanması layihəsinə cəlb edir.

Ankara-İslamabad-Bakı əməkdaşlığı həm də xarici əlaqələrdə bir-birinə qarşılıqlı dəstək formasında özünü göstərir. Ərdoğan müxtəlif tribunalardan Pakistanı dəstəkləyən çıxışlar edərək, Hindistanın Kəşmirdə yaşayan müsəlmanların hüquqlarını pozduğunu vurğulayır. Əliyev isə Kəşmir məsələsində Pakistanı qeyd-şərtsiz dəstəklədiklərini bəyan edir. Əvəzində İslamabad Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ münaqişəsində Bakıya dəstəyini bildirir.

Pakistan dünyada yeganə ölkədir ki, Ermənistan Pakistanı tanıdığı halda, Ermənistanı dövlət kimi tanımır. Əlbəttə, Ankara-İslamabad-Bakı ittifaqı Cənubi Qafqazda uğur qazandıqdan sonra bütün diqqətini Kəşmirə yönəldəcək”.

Nəşr qeyd edir ki, Pakistanın bölgədə güclənməsindən narahat olan Hindistan Ermənistana silah tədarük etməyə başlayıb, regionda Türkiyə-Pakistan-Azərbaycan ittifaqını tarazlaşdırmağa çalışır. Bununla belə, “Past” Dehli-İrəvan əməkdaşlığının yeni formalaşdığını, heç bir böyük ortaq təşəbbüsün olmadığını vurğulayır.