BAKI, 24 sentyabr. TELEQRAF
Yəmənin Ənsar Allah (Husilər) qüvvələri Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkətinin obyektlərinə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə Husilərin hərbi sözçüsü Yəhya Səria bildirib.
"Yəmən silahlı qüvvələri (Husilərə istinadən – TASS) iki hərbi əməliyyat həyata keçirib: birincisi Səudiyyə Ərəbistanının düşmən paytaxtı Ər-Riyaddakı əsas obyekti, ikincisi isə Yanbudakı Aramco obyektlərini hədəf alıb" - məlumatda qeyd olunur.
Əməliyyatlar zamanı ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edilib. Husi hərbi sözçüsünün sözlərinə görə, məqsədlərə uğurla nail olunub.
Səria həmçinin qeyd edib ki, eskalasiyanın başlanğıcından bəri Səudiyyə Ərəbistanı Yəmənə 1018 hava və raket zərbəsi endirib. Zərbələr Marib, Səada, Əl-Hüdeydə, Taiz, Əl-Cəvf və Əl-Beyda əyalətlərini hədəf alıb. Bu zərbələr nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla yerli sakinlər həlak olub və yaralanıb.
Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə husilər arasında qarşıdurma 2014-cü ilin avqust ayından bəri davam edir.