BAKI, 25 sentyabr. TELEQRAF

Azərbaycan Sent-Kits və Nevis, Antiqua və Barbuda, eləcə də Beninlə viza tələblərinin qarşılıqlı aradan qaldırılmasına dair sazişlər imzalayıb.

Teleqraf xəbər verir ki, sənədlər xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirdiyi görüşlər zamanı imzalanıb.

Ceyhun Bayramovun Sent-Kits və Nevisin xarici işlər naziri Denzil Luelin Duqlasla görüşündə diplomatik və rəsmi/xidməti pasport sahiblərinin qarşılıqlı vizadan azad edilməsini nəzərdə tutan saziş imzalanıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivlərini də müzakirə edib, siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı səfərlərin təşviqinin vacibliyini vurğulayıblar.

Ceyhun Bayramovun Antiqua və Barbudanın xarici işlər və ticarət naziri Everli Pol Çet Qrinlə görüşü zamanı isə iki saziş imzalanıb. Sənədlərdən biri diplomatik və rəsmi/xidməti, digəri isə ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsini nəzərdə tutur.

Nazirin Beninin xarici işlər naziri Korin Amori Brunetlə görüşündə də diplomatik və xidməti pasport sahiblərinin qarşılıqlı vizadan azad edilməsi haqqında saziş imzalanıb.

XİN bildirib ki, imzalanan sənədlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, turizmin təşviqinə, rəsmi və insanlararası təmasların asanlaşdırılmasına töhfə verəcək.

Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi