BAKI, 25 sentyabr. TELEQRAF
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr Qrupunun (LLDC) xarici işlər nazirlərinin 25-ci illik toplantısında çıxış edib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
Bildirilib ki, Ceyhun Bayramov uzunmüddətli strateji sərmayələr və davamlı regional tərəfdaşlıqlar sayəsində Azərbaycanın dənizə çıxışı olmayan coğrafi mövqeyini Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirən mühüm logistika, tranzit və enerji qovşağına çevirdiyini vurğulayıb.
Nazir tranzitin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, eləcə də “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” kimi inteqrasiya olunmuş enerji və rəqəmsal bağlantıların inkişafının vacibliyini qeyd edib.
Ceyhun Bayramov nəqliyyat, enerji və rəqəmsal infrastrukturun birləşdirilməsinin daha dayanıqlı qlobal ticarət arxitekturasının formalaşmasına töhfə verdiyini bildirib.
Sülhün davamlı bağlantı üçün əvəzolunmaz şərt olduğunu vurğulayan nazir Azərbaycan və Ermənistan arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara, həmçinin regional və qlobal tranzit şəbəkələrinin genişlənməsinə xidmət edəcək TRIPP təşəbbüsünə diqqət çəkib.