BAKI, 25 sentyabr. TELEQRAF

Qazaxıstanda hərbi təlim zamanı Xəzər dənizində 12 hərbçinin ölümü ilə bağlı cinayət işinin hansı maddələr üzrə araşdırıldığı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Manqistau vilayətinin administrasiyası hadisənin araşdırılması üzrə hökumət komissiyasının iclasından sonra məlumat yayıb.

Bildirilib ki, cinayət işi ağır nəticələrə səbəb olan xidmətə səhlənkar münasibət və gəmi idarəetmə qaydalarının pozulması maddələri üzrə araşdırılır. Birinci maddə üzrə təqsirli bilinən şəxsləri 5 ilədək, ikinci maddə üzrə isə 7 ilədək həbs cəzası gözləyə bilər.

Araşdırma çərçivəsində idarələrarası əməliyyat-istintaq qrupu yaradılıb, zəruri ekspertizalar təyin olunub. Hələlik şübhəli şəxslər barədə məlumat verilməyib.

Qeyd edək ki, sentyabrın 24-də Xəzər dənizində keçirilən hərbi təlim zamanı hava şəraitinin qəfil pisləşməsi nəticəsində 17 hərbçi dənizə düşüb. Son məlumatlara əsasən, onlardan 12-si həlak olub, 3-ü xilas edilib, daha 2 nəfərin axtarışları davam etdirilir.

Həlak olanlardan 11-i müddətli həqiqi hərbi xidmət keçən matros, biri isə zabit olub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 25-ni ölkədə ümummilli matəm günü elan edib.