“Yaxın vaxtlarda rəsmi Bakının nümayəndələri ilə görüşə getməklə bağlı müzakirələr aparılır”.

Teleqraf.com xəbər verir ki, bunu Xankəndidəki separatçıların “deputat”ı Metakse Akopyan deyib.

Akopyan baş separatçı Araik Arutyunyanla 6 saatlıq toplantıda humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşınmasının da müzakirə olunduğunu bildirib.

“Müzakirələrə Ağdam-Xankəndi yolunun istismarı da daxildir. Ümumiyyətlə, fikirlər, tərtibatlar müxtəlifdir, amma hər kəsin belə bir baxışı var ki, sonda masa ətrafında oturub danışmaq lazımdır”, - separatçı deyib.

Eyni zamanda, Akopyan əlavə edib ki, yaxın vaxtlarda rəsmi Bakının nümayəndələri ilə görüşə getməklə bağlı müzakirələr də gedir.

“Bu istiqamətdə təzyiqlər böyükdür”, - Akopyan bildirib. O, Ermənistan hökumətinin buna görə onlara təzyiq etdiyini iddia edib.

O hesab edir ki, belə bir dialoq başlasa, Ermənistan Azərbaycanla tez bir zamanda sülh müqaviləsi imzalayacaq. Akopyanın sözlərinə görə, rəsmi Bakının nümayəndələri ilə görüşlə bağlı razılıq yoxdur.

Humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşınması rəsmi Bakının tələbidir.