“Prezident İlham Əliyev Azərbaycan ərazisində - Qarabağda separatizmin sonunu gətirdi, ermənilərin “miatsum” xülyasını tarixin arxivinə göndərdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert separatçılar üçün halqanın daraldığını söyləyib:
“Bakı İkinci Qarabağ Müharibəsində və bundan sonra erməni separatizminə qarşı sərt və yumşaq gücdən istifadə edərək, ərazi təhlükəsizliyimizlə bağlı müsbətə doğru irəliləyiş əldə edib. Rusiya sülhməramlılarının müharibədən dərhal sonra ərazimizə daşıdığı ermənilər artıq Xankəndi və ətrafını tərk edirlər.
Müharibə cinayətkarları və dövlət atributlarını təhqir edənlərin Laçında sərhəd-buraxılış məntəqələrində saxlanılması separatçıları düşünməyə vadar edir. Bu durum separatçıları, yəni hərbi cinayətkarları təşvişə salıb. Azərbaycan bununla heç nəyin unudulmadığını, hər şeyin məlum olduğunu bir daha xatırladır. Digər separatçılar və müharibə cinayətkarları - Araik Arutyunyan, Bako Saakyan, Vitali Balasanyan, Arkadi Qukasyan, Ruben Vardanyan da həbs olunmalıdır. Artıq növbənin onlara çatdığını düşünürəm.
Erməni separatizmi son günlərini yaşayır, bədnam “miatsum” xülyasına isə 44 günlük savaşda son qoyduq. Bu prosesin başında duran isim Prezident İlham Əliyevdir.
Cinayətkarlar Xankəndidən qaçmağın yollarını axtarırlar. Pulu olanlar yüksək məbləğdə Rusiya sülhməramlılarının helikopterləri ilə Qarabağı tərk edirlər. Bir neçə aydan sonra silahlı erməni birləşmələri də ərazimizdən rədd olacaqlar. Amma Azərbaycan ermənilərin ərazimizdən hərbi texnika və silah çıxarmalarına icazə verməməli, müsadirə etməlidir, cinayətkarlarla isə nə edəcəyimizi bilirik”.