Dağlıq Qarabağda ən böyük azərbaycanlı yaşayış məntəqəsi – Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalından 26 il ötür. Məhz Şuşanın işğalı ilə ermənilər Dağlıq Qarabağa nəzarəti tam ələ keçirdilər.
Şuşanın işğalının 26-cı ildönümü ilə bağlı fikirlərini Teleqraf.com-la bölüşən Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər Qrupunun kordinatoru Zeynal Əmrəliyev belə deyib.
O qeyd edib ki, işğal nəticəsində Şuşadakı 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey və şərq musiqi alətləri fabriki dağıdılıb:
“Əslində, ermənilər Şuşaya hücuma aprelin 27-də başlayırlar. Mayın 8-də isə bu hücum rəsmiləşdirilir. Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan Şuşaya hücum əmri verir. Bundan əvvəl də ermənilər bir neçə aldadıcı manevrlər edirlər. Mayın 6-da Yuri Ovanesyanın taboru Canhəsən istiqamətində Azərbaycan ordusunun mövqelərinə bir neçə sarsıdıcı zərbələr endirib Şuşa istiqamətində irəliləyir.
Canhəsən-Kosalar istiqamətində döyüşü davam etdirməyi isə 26-cı bölmə öz üzərinə götürür. Ermənilərin əsas məqsədi Azərbaycan ordusunun diqqətini Canhəsən-Kosalar istiqamətində cəmləyib Şuşanın işğalını asanlaşdırmaq idi. Həmin gün axşama doğru Azərbaycan ordusunun 2 hərbi vertolyotu, bir qədər sonra isə Su-25 təyyarəsi Şuşa ətrafındakı erməni mövqelərinə və Xankəndi şəhərinə zərbələr endirib Ağdama uçur”.
Zeynal Əmrəliyev qeyd edib ki, Şuşanın işğalını müşahidə etmək üçün mayın 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər hündürlükdə yerləşən Şuşakəndə toplaşırlar:
“Onların arasında Qarabağ cəbhəsinin komandiri Arkadi Ter-Tadevosyan, sonradan Ermənistanın müdafiə naziri olan Seyran Ohanyan, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan, erməni faşizminin qızğın təbliğatçısı Zori Balayan və general Qurgen Dalbaltalyan olub. Müşahidə prosesində Ümumdünya Xristian Həmrəylik Təşkilatı və Daşnaksütyun Partiyasının liderləri də iştirak edirlər.
Hücuma hazırlaşan ermənilər ordunu 3 cinaha bölürlər. Birinci və ikinci cinah irəliləyərək Şuşanın işğalını həyata keçirməli, üçüncü cinah isə Şuşa-Laçın və Şuşa-Qubadlı istiqamətlərində hüçuma keçən Azərbaycan qoşunlarının qarşısını almalı, həmçinin Zarıslı kəndini işğal edərək Laçının Şuşa ilə əlaqəsini kəsməli idi.
Bu zaman 26-cı bölük Canhəsən-Kosalar istiqamətində fəallaşaraq Azərbaycan ordusunun əsas diqqətini bura cəmləşdirir. Elə bu zaman Kərkicahan kəndindən və Xankəndidə yerləşən Rusiya hərbi bazasından Şuşadakı mülki əhalinin üzərinə raket zərbələri endirməyə başlayırlar. Müdafiəsiz qalan əhali Laçın meşələri tərəfə üz tutur”.
Tarixçi bildirir ki, ermənilər Xocalı faciəsində xüsusi canfəşənlıq göstərən 422 nömrəli tanka “mühüm tapşırığı”, məşhur Şuşa qalasına erməni bayrağını sancmaq tapşırığını verirlər:
“Lakin 422 nömrəli tank döyüşçülərimiz tərəfindən bütün şəxsi heyəti ilə birlikdə məhv edilir. Bu tankın vurulması ermənilərə pis təsir edir. Bundan sonra ermənilər qala divarları üzərindən Şuşa qalasına daxil olurlar. Şəhər od vurulub yandırılır. Üçüncü cinah isə Şuşa-Laçın yoluna çıxıb Şuşanın Laçınla əlaqəsini tamamilə kəsir. Nəticədə Şuşa, Canhəsən, Kosalar və Qaraqaya işğal altına düşür. Partizan döyüşündən ehtiyatlanan ermənilər yalnız mayın 9-da gecə saat 4-də şəhərə daxil olurlar”.
Şuşa üzərinə ümumilikdə 11 min erməni hərbçisinin hücuma keçdiyini qeyd edən müsahibimiz Azərbaycan ordusunun şəxsi heyətinin sayının onlardan xeyli az olduğunu vurğulayıb:
“Müqavimət göstərən ordumuz isə nə qədər kömək gözləsə də kömək gəlib çıxmırdı. On saatlıq qeyri-bərabər döyüşdə 480 nəfər azərbaycanlı öldürülür, 1860-ı yaralanır, 22 min nəfər öz yurdundan didərgin düşür.
Şuşanın işğalı tariximizə qara ləkə kimi düşüb. Lakin bu döyüşdə qəhrəmanlıq səhifələrimiz də olub. Xalqın igid oğlu Albert Aqarunov öz canı bahasına bir neçə erməni tankını məhv edib. Ermənilərin məşhur 422 nömrəli tankı da Albert tərəfindən məhv edilib. Hazırda ermənilər bu tankın oxşarı olan bir tankı təpənin üzərində Şuşaya tuşlanmış vəziyyətdə qoyublar”.
Z.Əmrəliyev daha sonra deyib:
“Bir müddət əvvəl Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin üzvləri ilə birlikdə Beynəlxalq Avrasiya Mətbuat Fondunda qardaşı Rantik Aqarunov başda olmaqla Albertin döyüş yoldaşları ilə görüşmək imkanım oldu. Onların hər biri öz keşməkeşli döyüş yollarından danışır, onlarla qeyri-bərabər döyüşə girən mənfur düşməndən yenidən intiqam almaq istəyirdilər. Hətta qazi olmaqlarına baxmayaraq müharibə başlar-başlamaz yenidən öz taborlarını bərpa etmək istədiklərini bildirirdilər. Mənim üçün daha bir maraqlı məqam telejurnalist Çingiz Mustafayevin bu taborla olan sıx dostluq münasibəti oldu. Beləcə qazilərimizin cəbhə yoldaşları olan Albert və Çingizin intiqamını düşməndən necə almaq istəməsinin şahidi oldum”.