BAKI, 26 mart. TELEQRAF

İran ABŞ ilə münaqişənin həlli ilə bağlı təqdim olunan təklifi rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Press TV" kanalı yüksək vəzifəli iranlı rəsmiyə istinadla məlumat yayıb.

Məlumata görə, Tehran atəşkəs danışıqlarının yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra bərpa oluna biləcəyini bildirib.

Qeyd olunur ki, İran hərbi əməliyyatların dayandırılması üçün aqressiya və qətllərin tam dayandırılmasını, müharibənin yenidən başlamayacağına dair zəmanətlərin verilməsini, həmçinin hərbi zərər və təzminatların ödənilməsini tələb edir.

Bundan əlavə, şərtlər siyahısına region üzrə bütün cəbhələrdə müharibənin dayandırılması, müqavimət qruplarının fəaliyyətinin nəzərə alınması və İranın Hörmüz boğazı üzərində suveren hüququnun beynəlxalq səviyyədə tanınması da daxildir.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranda doğru şəxslərlə danışıqlar apardığını bildirmişdi.

Bununla yanaşı, İranın "Fars" agentliyi mənbəyə istinadla Tehranın ABŞ administrasiyası ilə hər hansı əlaqəsinin olmadığını yazıb.

Eyni zamanda İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiyə” qərargahının rəsmi nümayəndəsi Ebrahim Zolfaghari bildirib ki, İran ABŞ-la danışıqlara yalnız öz təşəbbüsü ilə gedəcək.