BAKI, 25 mart. TELEQRAF

İran Hörmüz boğazında gəmiçiliyin qaydaları ilə bağlı BMT-nin Beynəlxalq Dəniz Təşkilatını məlumatlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Bildirilir ki, Tehran təşkilata üzv ölkələrə ünvanladığı məktubda “düşmən olmayan gəmilərin” İran hakimiyyəti ilə koordinasiya şəraitində boğazdan keçə biləcəyini qeyd edib.

Məlumata görə, İran Xarici İşlər Nazirliyi də bildirib ki, Tehran Hörmüz boğazından ölkəyə qarşı düşmən əməliyyatlar üçün istifadə olunmasının qarşısını almaq məqsədilə zəruri və proporsional tədbirlər görüb.

Qeyd olunur ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında razılıq əldə olunacağı təqdirdə Hörmüz boğazının yaxın vaxtlarda açılmasının mümkün ola biləcəyini bəyan edib.