BAKI, 25 noyabr. TELEQRAF
"Ev təsərrüfatlarının uçotu regionların sosial iqtisadi inkişafının planlaşdırılması və ərazi üzrə mövcud fərqlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu uçot vasitəsilə hər bir yaşayış məntəqəsinin real sosial-iqtisadi vəziyyətini, əhalinin mənzil-məişət şəraitini, kommunal xidmətlərlə təminatını, məşğulluq və təhsil səviyyəsini daha dəqiq müəyyən etmək mümkün olacaq. Bu, dövlətin hansı ərazidə hansı sosial və infrastruktur ehtiyaclarının olduğunu ümumi göstəricilərlə deyil, konkret məlumatlar əsasında qiymətləndirməsinə şərait yaradacaq".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.
Onun sözlərinə görə, atılacaq addımlar nəticəsində dövlət investisiyalarının və büdcə vəsaitlərinin bölgüsü daha məqsədyönlü həyata keçirilə bilər:
"Digər mühüm istiqamət miqrasiya proseslərinin və regionların demoqrafik potensialının qorunmasıdır. Xüsusilə gənclərin və əmək qabiliyyətli əhalinin kəndlərdən iri şəhərlərə, eləcə də xarici ölkələrə miqrasiyasının səbəbləri araşdırılmalıdır. Çünki bu proses təkcə əhalinin sayına deyil, regionların əmək ehtiyatlarına, kənd təsərrüfatının inkişafına və gələcək demoqrafik vəziyyətinə də təsir göstərir. Hesab edirəm ki, gənc ailələrin regionlarda məskunlaşmasının stimullaşdırılması, yeni iş yerlərinin yaradılması, kiçik və ailə sahibkarlığına dəstək, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığının artırılması bu siyasətin əsas istiqamətləri olmalıdır.
Ev təsərrüfatlarının uçotu torpaq ehtiyatlarından və yerli iqtisadi imkanlardan daha səmərəli istifadə üçün də yeni imkanlar yaradacaq. Xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların faktiki istifadə vəziyyətinin öyrənilməsi, əkilməyən torpaqların müəyyənləşdirilməsi və iqtisadi dövriyyəyə cəlb olunması vacibdir. Bununla yanaşı, hər bir ərazinin əmək, torpaq və sahibkarlıq potensialı nəzərə alınmaqla yeni iqtisadi fəaliyyət sahələrinin inkişafı üçün imkanlar müəyyən edilə bilər. Bu, həm məşğulluğun artmasına, həm də regionların öz daxili resursları hesabına inkişafına töhfə verər. Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm: ev təsərrüfatlarının uçotu yalnız məlumat toplamaq və statistik göstəricilər əldə etmək vasitəsi kimi qiymətləndirilməməlidir. Onun əsas məqsədi toplanan məlumatların real idarəetmə qərarlarına çevrilməsidir. Məsələn, hansı kənddə içməli su problemi var, hansı yaşayış məntəqəsində məktəbə, tibb müəssisəsinə və ya yeni iş yerlərinə ehtiyac daha çoxdur, hansı ərazilərdə əhali azalır və bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir bütün bu suallar konkret məlumatlar əsasında cavablandırılmalıdır".
Deputat qeyd edib ki, nəticə etibarilə, belə bir uçot sistemi dövlətin sosial siyasətinin daha ünvanlı qurulmasına, regionlar arasında inkişaf fərqlərinin azaldılmasına və dövlət resurslarından daha səmərəli istifadəyə xidmət edəcək: "Ən əsası, inkişaf siyasəti ümumi yanaşmalardan konkret ailələrin, yaşayış məntəqələrinin və ərazilərin real ehtiyaclarına əsaslanan idarəetmə modelinə keçid imkanı qazanacaq".