BAKI, 25 noyabr. TELEQRAF

Birinci yazı

Amerikanın Nyu- Cersi ştatının Paramus şəhərindəki “Corc Vaşinqton” məzarlığına üç maşınla daxil olduq. Birinci maşında Azərbaycan-Nyu- York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli ilə mən, ikinci maşında “Amerikadakı Azərbaycan izləri” layihəmizin ABŞ-dəki koordinatoru Zaur Bayramlı və Çapar – Milli İrsin Tədqiqi Mərkəzinin idarə heyətinin üzvləri Qurban Abbaslı ilə Ərşad Bağırov, üçüncü maşında isə ataları İkinci Dünya müharibəsindən sonra ABŞ-yə köç etmiş Muradxan Hazer və ömür- gün yoldaşı Sona xanım vardı. Məqsədimiz Vətəndən minlərlə kilometr uzaqda dəfn edilmiş azərbaycanlıların məzar yerini ziyarət etmək, oradakı dəmir lövhəli xatirə nişanlarının kataloqunu hazırlamaq, mümkün dərəcədə həyat hekayələrini yazmaqdır. Məzarlıqdan öncə Muradxan bəy və Sona xanımın atalarının həyat hekayələrini onların xatirələri əsasında öyrənmiş, eləcə də Amerikada yaşamış azərbaycanlıların bir qisminin siyahısını əldə etmişdik. Bu barədə növbəti yazılarımızda bəhs edəcəyik.

Otların içərisində itmiş xatirələr

Muradxan bəy bu məzarlıqda bəzi mühacirlərin, eləcə də qayınatası Piri Hacılının dəfnində iştirak etdiyi üçün ərazini yaxşı tanıyırdı. Amma sonsuz yaşıllığın içərisində uzanan dəmir lövhələr arasında azərbaycanlılara aid olan hissəni tapmaqda o da bir qədər çətinlik çəkdi. Çünki bir-birinin eynisi olan bu lövhələrin üzərini oxuyaraq dəqiq bölgəni tapmaq mümkündür. Nəhayət, qısa müddətli axtarışdan sonra üzərində “Azerbaycan” yazılan lövhələrə rast gəldik. Ərazidə məzarlıq işçiləri mütəmadi iş görsələr də, daha keçmiş tarixə aid olan məzarların bəziləri otların arasında görünməz olmuşdu. Hətta bir-iki məzarı əməkdaşlarımızla birgə təmizləyərək aşkara çıxartdıq.

İlk ziyarətin verdiyi həyəcanla sürətli şəkildə ərazidə kimlərin məzarlarının olduğunu təsbit etməyə çalışdım. Ardınca Muradxan bəylə Sona xanım bir-bir məzarları bizə göstərərək, onların kimlər olduğunu izah etdilər. Hər məzarın başında onların gözlərinin dolduğunu görmək İstanbuldakı onlarla mühacir ailələrlə görüş zamanı müşahidə etdiyim hisslərdən çox fərqli idi. Çünki İstanbul və Ankarada yaşayan mühacirlər Vətəndə qoyduqları ailələrdən uzaq düşsələr də, orada çox idilər, eyni adət-ənənə vardı, ən əsası isə məsafə Vətənə uzaq deyildi. Amma uzaq qitədə sayı çox olmayan azərbaycanlıların hər birinin itkisi onları Vətəndən sürətlə ayırmışdı...

Dəmir lövhələrdəki adlar

Dəmir lövhələrdəki bir sıra adlar mənə çoxdan tanışdı. Mühacirət mətbuatında, eləcə də müxtəlif məqalə və xatirələrdə bu adları görmüş, onların fəaliyyəti ilə tanış olmuşdum. Xüsusilə, günlərlə gəmi ilə ABŞ-yə səfər etmiş mühacir Məhəmməd Altunbayın Türkiyəyə qayıtdıqdan sonra qələmə aldığı “Amerikadan gəlirəm” adlı məqaləsi bu gün uzaq qitədəki mühacirət tariximizlə bağlı qiymətli qaynaqlardan biridir.

Qarşısında dayandığım ilk məzar Leyla Qaziyə aiddir. Mayor Əbdürrəhman Fətəlibəylinin həyat yoldaşı olan bu qadın İrəvanın məşhur Qazıyevlər soyundandır, 1954-cü ildə ərinin Almaniyada öldürülməsindən sonra okeanın arxasına üz tutmağa məcbur olmuşdu. Leyla xanım 1919-cu il dekabrın 18-də irəvanlı Yusifin ailəsində doğulub. 1937-ci ildə Fətəlibəyli ilə ailə həyatı qurub. Həmin vaxt Bakıda məzuniyyətdə olan mayor daha sonra həyat yoldaşını, qayınanasını özü ilə o zamankı adı ilə Leninqrad şəhərinə aparıb, 1940-cı ilə qədər burada yaşayıblar. 1938-ci il martın 11-də orada tək övladı Əli doğulub. Müharibə dövründə Fətəlibəyli ailəsi ilə birlikdə Almaniya tərəfinə keçdiyi üçün bir müddət orada, savaşdan sonra isə İtaliyada qaçqın düşərgəsində oğlu və anası ilə birlikdə yaşayıb. Fətəlibəyli türk jurnalist Ziyad Əbüzziyanın dəstəyilə ailəsini 1948-ci ildə Ankaraya göndərə bilib. 1951-ci ildə özü də bu şəhərə gəlsə də, daha sonra Almaniyadan “Azadlıq” radiosunun “Azərbaycan” redaksiyasının baş redaktoru təklifi aldığı üçün oraya gedib. Amma 1954-cü ilin noyabrın 20-də Münxenin “Alpenplate-6” meydanındakı bir mənzildə qətlə yetirilib. Bu hadisədən sonra bir müddət Türkiyədə qalan Leyla xanım daha sonra oğlu ilə birlikdə ABŞ-yə köçüb. Əli 1997-ci il iyunun 5-də, özü isə 2002-ci il martın 29-da orada vəfat edib.

Mühacirlərin ən yaşlısı

Bu məzarlıqda dəfn olunan azərbaycanlılar arasında ən yaşlı insan Əhməd İbrahim adlı şəxsdir. Təəssüf ki, onun həyat hekayəsi barədə hazırda əlimizdə çox az məlumat var. Amma Altunbayın məqaləsindən aydın olur ki, Əhməd bəy ABŞ-də ən sevilən şəxslərdən biri olub: “Aralarında ən yaşlısı və eyni zamanda, azərbaycanlıların sevgili dayısı Əhməd İbrahim Amerikada qurulan cəmiyyətin başqanıdır. Türkiyəmizdə az tanınan bu şəxs Amerikadakı azərbaycanlılar arasında böyük mənəvi güc ifadə edir. Çünki o, heç kimdən əvəz gözləmədən sevgi, hörmət, alicənablıq, maddi və mənəvi yardımın həqiqi bir simvoludur”.

1961-ci ildə Ankarada çıxan “Mücahit” dərgisinə ABŞ-dən göndərilən bir məktubda da ondan bəhs edilib: “Nyu-Yorkun yaxınlığındakı Nyuarkda yeni bir “Azərbaycan İslam və Xeyriyyə Cəmiyyəti” quruldu. Bu cəmiyyətin qurulmasına amil yenə yaşlı bir Azərbaycan övladı, buradakı bütün azərbaycanlılar tərəfindən sevilən Əhməd İbrahim bəydir. Əhməd bəy yaxın-uzaq bilmədən, bütün azərbaycanlıları ziyarət etmiş, onları bir dam altında toplamağa müvəffəq olmuşdur...”.

Məktub sahibi Şükrü Kaya Əhməd bəy haqqında ayrıca qeyd də verib: “Əhməd İbrahim bəy həsrət qaldığımız Vətənin xeyirxah övladıdır. Könül istərdi ki, azərbaycanlıların hamısı deyil, heç olmazsa onda biri Əhməd bəy kimi olsun”.

Araşdırma zamanı Əhməd bəyin, həqiqətən də, ABŞ-dəki bəzi nəşrlərdə Azərbaycan cəmiyyəti sədri kimi bəyanat verdiyinə təsadüf etdik. Məzar lövhəsindəki bilgiyə görə Əhməd bəy 1895-ci ilin may ayında Gəncədə doğulub, 1983-cü ilin fevralında vəfat edib.

Polkovnikin qardaşı

Məzarı başında dayandığım digər mühacir də Gəncədə doğulmuşdu. Məşhur polkovnik İsrafil bəyin qardaşı olan bu şəxs Hidayət İsrafildir. O, 1900-cü ildə Gəncədə anadan olub, atası Məhəmmədnəbi, anası isə Bəgüm xanımdı. Gəncə gimnaziyasını bitirib, atasına qarşı sui-qəsddən sonra ölkədən qaçmağa qərar verib. Əvvəl Türkmənistana, sonra isə İrana gedib. Tehranda Türkiyə səfirliyi ilə əlaqə yaradaraq onların dəstəyi ilə Türkiyəyə keçə bilib. Qardaşı İsrafil bəyin Polşada olduğunu öyrəndikdən sonra Varşavaya yola düşüb. 1940-cı ildə orada Məryəm adlı xanımla evlənib. Polşa və alman ordusunda xidmət edən İsrafil bəy sonradan ruslara təhvil verilib və məhkəmə qərarı ilə güllələnib.

Yenidən Türkiyəyə gələn Hidayət bəy 1950-ci illərdə ailəsi ilə birlikdə ABŞ-yə köçüb.

Hidayət bəyin oğlu Çingiz İsrafil 1942-ci ildə Varşavada anadan olub. Kabataş liseyinin son sinfində oxuyarkən ailəsi ilə birlikdə ABŞ-yə köçüb. 1967-ci ildə Kolumbiya Universitetinin riyaziyyat fakültəsini bitirib. 1970–1975-ci illərdə “Osmanlı imperatorluğunun iqtisadi tarixi” mövzusunda elmi araşdırmalar aparıb. 1986–1992-ci illərdə Türkiyə Cümhuriyyəti Baş nazirinin müşaviri, 1990–1992-ci illərdə isə Azərbaycan Prezidentinin iqtisadi və xarici işlər üzrə müşaviri olub.

"USS General W. G. Haan" gəmisi ilə yolçuluq

Qarşısında dayandığımız digər məzar Rahim Babaoğluna aiddir.

Rahim Babaoğlu 5 may 1917-ci ildə doğulub. İkinci Dünya müharibəsində almanlara əsir düşüb, daha sonra qaçqın düşərgəsində yaşayıb. Tərlan adlı xanımla ailə həyatı qurub, 1946-cı ildə Milan şəhərində Rəhimxan adlı oğlu dünyaya gəlib. 1951-ci ildə "USS General W. G. Haan" gəmisində ABŞ-yə mühacirət ediblər. Ellis adasında qeydiyyat və müvafiq prosedurlardan keçdikdən sonra ailə Nyu-Cersi ştatının Nyuark şəhərinin Şimal məhəlləsində məskunlaşıblar. Rahim Babaoğlu 14 may 2004-cü ildə vəfat edib...

Qeyd: “Amerikada Azərbaycan izləri” layihəsi Çapar – Milli İrsin Tədqiqi Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi ABŞ-yə mühacirət etmiş azərbaycanlıların həyat və fəaliyyətini araşdırmaq, onların tarixi irsini sənədləşdirmək, Azərbaycan mühacirət tarixinin bu istiqamətini yeni arxiv və tədqiqat materialları əsasında öyrənmək, eləcə də əldə olunan nəticələri beynəlxalq ictimaiyyətə təqdim etməkdir.