BAKI, 19 oktyabr. TELEQRAF

“Sabah sürətli oynamalı, səviyyəmizi göstərməli, qələbə qazanmalıyıq. Rəqibimizə ciddi, hörmətlə yanaşırıq. Favorit bizik, udacağıq. Əlavə motivasiyamız da var”.

Teleqraf xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Sabah”la qarşılaşacaq Almaniyanın “Borussiya Dortmund” klubunun baş məşqçisi Niko Kovaç deyib.

54 yaşlı mütəxəssis sabah keçiriləcək görüşə hazırlıqdan danışıb:

“Artıq ikinci dəfədir Bakıdayam. Hücumda təhlükəli olduğumuz məqamları hələ tam müəyyənləşdirə bilməmişik. Futbolçularımıza sürət lazımdır, bu baxımdan çatışmazlıqlarımız var. Bunun üzərində çalışırıq. Yaxşı nəticə üçün hücumda oynamalıyıq".

Baş məşqçi son oyunlardakı məğlubiyyətlərinə də toxunub: "Çoxlu məğlubiyyətlərimiz olub. Uduzanda məqsədinə çatmaq çətinləşir. Sabah Çempionlar Liqasında üçüncü oyunumuzu keçirəcəyik. Bir qələbəmiz, bir məğlubiyyətimiz var. Sabahkı oyunda vəziyyəti müsbətə doğru dəyişə bilərik.

Artıq olan olub, keçmiş oyunlarının əhəmiyyəti yoxdur. Son mövsümdəki matç isə daha az əhəmiyyətlidir. Ona görə də sabahkı oyuna köklənməliyik. Sabah meydanda olmalı və yaxşı çıxış etməliyik. Bu, bizim üçün çox vacibdir.

Valdas Dambrauskası şəxsən tanımıram. Bilirəm ki, o, uzun müddətdir məşqçi işləyir və titullar qazanıb. Digər detalları deyə bilmərəm. Futbolda əsas məsələ oyunları qazanmaqdır. Hətta 10:9 hesabı ilə qalib gəlsən də, bu, yaxşı nəticədir.
Futbolçuların sabahkı oyunda daha yaxşı çıxış etmələri gözlənilir. Əvvəlki dövrlə müqayisədə indi vəziyyət fərqlidir. “Bavariya” ilə eyni xala sahibik. Bremenlə oyunda qələbə qazandıq, digər qarşılaşmada isə 2:2 hesablı heç-heçə etdik. Nəticələrimiz yaxşıdır və biz irəliyə baxırıq. Sabah qələbə qazanmaq vacibdir".

Niko Kovaç onu da qeyd edib ki, rəqib səfərdə qələbə qazana bilməyib və qalib gəlmək istəyir: "Yaranan vəziyyətdə kreativliyi və hücumdakı fəallığı yeni futbolçularla kompensasiya etməliyik. Sabahkı oyunda bunun nəticəsini görmək istəyirik".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” matçı saat 20:45-də başlayacaq.