BAKI, 18 oktyabr. TELEQRAF
Türkiyədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası Bakıdan bir sual fonunda müşahidə edilir: Ankara indiyə qədər bu prosesə niyə müdaxilə etməyib, etməməkdə davam edir?
Sirr deyil ki, Türkiyədə medianın idarə edilməsində hakimiyyətin ciddi təsir imkanları var, hətta lazım olanda, müəyyən qədər fəaliyyətini saxlamış müxalif medianın fəaiyyətinə belə müdaxilə edilir. Bəzən bu müdaxilələr sərt inzibati üsullar vasitəsilə də həyata keçirilir. Bu baxımdan, Azərbaycana qarşı kampaniyanın dayandırılmasına müdaxilə edilməməsinin “Türkiyədə media azaddır” iddiası ilə əsaslandırmaq qeyri-peşəkarlıqdır.
Mövcud vəziyyəti anlamaq və Azərbaycana qarşı aparılan kampaniyanın Türkiyə hakimiyyəti, yaxud hakimiyyətdaxili qruplar tərəfindən direktivləndiyini görmək üçün bu ölkədəki medianın vəziyyətinə nəzər yetirməliyik.
2018-ci ildə ölkənin ən böyük media strukturlarından biri olan Doğan Media Qrupunun Demirören Holdinqə satılması Türkiyə informasiya məkanında ciddi dönüş nöqtəsi oldu. “Hürriyet”, “Posta”, CNN Türk, Kanal D kimi nüfuzlu media qurumlarını birləşdirən qrupun hakimiyyətə yaxın hesab edilən biznes strukturuna keçməsi Türkiyədə informasiya plüralizminin zəifləməsi, yəni informasiya axını üzərində hakimiyyətin monopoliyasının güclənməsi demək idi.
“Röyters”in araşdırmalarında iddia edilir ki, Aydın Doğan satışı öz qərarı kimi təqdim etsə də, əsas səbəb “Doğan” qrupunun uzun müddət siyasi və iqtisadi təzyiqlərlə üzləşməsi olub. Burada diqqətçəkən yalnız bir holdinqin satılması deyil. Türkiyədə media mülkiyyətinin dəyişməsi, iqtisadi resursların yenidən bölüşdürülməsi və redaksiya siyasətinin transformasiyası hakimiyyətin informasiya məkanına təsirinin mühüm mexanizmlərindən birinə çevrildi. Hakimiyyəytə yaxın “Demirören”, “Turkuvaz” kimi holdinqlər medianı böyük ölçüdə nəzarətdə saxlayır.
Belə bir sistemdə dövlətin media proseslərinə təsir etmək imkanlarının olmadığını, yaxud məhdud olduğunu demək diletantlıq olar. Əgər hakimiyyət ölkənin ən böyük media holdinqlərinin fəaliyyətinə təsir göstərə bilirsə, iqtisadi və inzibati mexanizmlərlə informasiya məkanının strukturunu dəyişdirə bilirsə, onda Azərbaycanla bağlı sistemli dezinformasiya iddialarına münasibətdə özünü tamamilə təsirsiz göstərməsi haqlı suallar doğurur.
Qəyyum idarəçiliyi: Hakimiyyətin mediaya nəzarət nümunəsi
Türkiyədə media üzərində dövlət təsirinin ən diqqətçəkən nümunələrindən biri də televiziya kanallarına və media şirkətlərinə qəyyum təyin edilməsi praktikasıdır. 2025-ci ilin sentyabrında Can Holdingə bağlı 121 şirkətə məhkəmə qərarı ilə TMSF-nin qəyyum təyin edilməsi, həmin strukturda Habertürk və Show TV kimi nüfuzlu televiziya kanallarının da yer alması bunun konkret nümunəsidir. 2025-ci ilin oktyabrında TELE1 televiziyasına qarşı keçirilən əməliyyat və kanalın baş redaktoru Merdan Yanardağın saxlanılması da Türkiyədə media azadlığı ətrafında ciddi mübahisələr yaratdı. Nəhayət, 2026-cı il oktyabrın 14-də müxalifətə yaxın Halk TV-yə qəyyum təyin edilməsi və yayımlarının dayandırılması Türkiyə mediasının nəzarət mexanizmləri haqqında müzakirələri yenidən aktuallaşdırdı. Hakimiyyət addımı cinayət istintaqı ilə əsaslandırsa da, müxalifət və media hüquqları müdafiəçiləri bunu siyasi təzyiq kimi qiymətləndirdilər.
Bu nümunələr Türkiyədəki mövcud vəziyyəti göz önünə sərir və deməyə əsas verir ki, hakimiyyət zəruri hesab etdiyi hallarda media qurumlarının mülkiyyətinə, idarəçiliyinə və yayım fəaliyyətinə ciddi müdaxilə etmək imkanına malikdir. Deməli, problem yalnız dövlətin imkanlarının olub-olmamasında deyil. Problem bu imkanların hansı hallarda, hansı əsaslarla və hansı siyasi prioritetlər çərçivəsində tətbiq edilməsindədir.
Merdan Yanardağ kimi tanınmış jurnalistlər barəsində cinayət təqibləri, müxalif televiziya kanallarına tətbiq edilən sanksiyalar, internet resurslarının məhdudlaşdırılması və rəqəmsal informasiya məkanına nəzarət mexanizmləri bu sahədə dövlətin geniş alətlərə malik olduğunu göstərir. Məsələ təkcə klassik media ilə məhdudlaşmır. Türkiyədə internet yayımının lisenziyalaşdırılması, kontentin çıxarılması və müəyyən resurslara girişin məhdudlaşdırılması üçün də hüquqi mexanizmlər mövcuddur.
Bu halda ortaya sual çıxır: Türkiyə hakimiyyəti öz siyasi maraqlarına təhlükə hesab etdiyi informasiya fəaliyyətinə qarşı operativ və sərt reaksiya verə bildiyi halda, Azərbaycana qarşı yayımlandığı iddia olunan açıq böhtanlara, saxta xəbərlərə və məqsədli qarayaxma kampaniyalarına münasibətdə niyə eyni həssaslığı nümayiş etdirmir?
Əlbəttə, dövlətin jurnalistləri həbs etməsi, televiziyalara qəyyum təyin etməsi və ya internet resurslarını bloklaması normal media siyasətinin nümunəsi sayıla bilməz. Azərbaycana qarşı qərəzli materialların mövcudluğu da belə metodların tətbiqinə avtomatik haqq qazandırmır. Ancaq burada söhbət senzuranın müdafiəsindən getmir.
Söhbət siyasi məsuliyyətdən, dövlətlərarası münasibətlərdə səmimiyyətdən və açıq dezinformasiyaya qarşı qanuni, şəffaf tədbirlərdən gedir.
Ankara istəsə, Azərbaycanın konkret faktlarla əsaslandırılmış etirazlarını araşdıra, yalan məlumatların təkzibini tələb edə, rəsmi mövqe bildirə, müvafiq hüquqi mexanizmləri işə sala və ən azı bu kampaniyaların Türkiyə dövlətinin mövqeyini ifadə etmədiyini açıq şəkildə nümayiş etdirə bilər. Bütün bunlar media azadlığını ləğv etmədən də mümkündür. Əgər belə addımlar atılmırsa, bunun səbəbləri izah olunmalıdır.
İki ildən artıqdır davam edən qarayaxma və Bakının səbri
Azərbaycan–Türkiyə münasibətləri adi qonşuluq münasibətləri deyil. Bu münasibətlərin əsasında ortaq tarix, mədəniyyət, strateji maraqlar, hərbi-siyasi əməkdaşlıq və Şuşa Bəyannaməsi ilə təsbit edilmiş müttəfiqlik dayanır. Məhz buna görə də Türkiyə informasiya məkanında Azərbaycana qarşı yönələn materiallar digər ölkələrdəki analoji yayımlardan daha həssas qəbul olunur. Əgər son iki ildən artıq müddətdə Türkiyənin müəyyən media platformalarında Azərbaycana qarşı ardıcıl, koordinasiyalı xarakter daşıdığı iddia edilən kampaniyalar aparılıbsa, onların siyasi məqsədlərinin, maliyyələşmə mənbələrinin və mümkün əlaqələrinin araşdırılması zəruridir.
Bu müddətdə Bakının təmkinli davranışını, mümkün olduğu halda, müttəfiqlik münasibətlərini qorumaq və problemlərin Ankara tərəfindən həllinə imkan vermək cəhdi kimi qiymətləndirmək olar.
Azərbaycan üçün ən məntiqli yanaşma Türkiyə dövlətini ayrı-ayrı media qruplarından fərqləndirmək, təxribat xarakterli yayımları rəsmi Ankaranın siyasəti ilə eyniləşdirməmək idi. Ancaq belə bir yanaşmanın da siyasi həddi var. Çünki müttəfiqlik yalnız hərbi əməkdaşlıq, enerji layihələri və diplomatik bəyanatlarla ölçülmür. Müttəfiqlik həm də tərəflərin bir-birinin suverenliyinə, dövlət institutlarına, milli təhlükəsizlik maraqlarına münasibətində özünü göstərməlidir.
Bir dövlətin müttəfiqinin informasiya təhlükəsizliyi ilə bağlı əsaslandırılmış narahatlıqlarına uzun müddət adekvat cavab verməməsi həmin müttəfiqlikdə etimad probleminə çevrilə bilər. Bu baxımdan, Azərbaycan tərəfinin mümkün sərt reaksiyasını yalnız emosional narazılıq kimi qiymətləndirmək yanlış olardı. Belə reaksiya toplanmış siyasi sualların və cavabsız qalmış narahatlıqların nəticəsi ola bilər.
Ankara nəzarət edə bilmir, yoxsa müdaxilədə maraqlıdır?
Məsələnin ən həssas nöqtəsi məhz buradadır. Türkiyə hakimiyyətinin informasiya məkanına müdaxilə imkanlarının mövcudluğu artıq sirr deyil. Son illərin təcrübəsi bu imkanların real olduğunu göstərir. Ankaranın susması suallar doğurur. Burada üç mümkün versiya ön plana çıxır:
- Rəsmi Ankara informasiya hücumlarını müstəqil redaksiya fəaliyyəti hesab edir;
- İnformasiya hücumlarını problemli saysa da, müdaxiləni siyasi baxımdan məqsədəuyğun görmür;
- Müəyyən siyasi dairələr bu informasiya fəaliyyətindən öz maraqları üçün istifadə edir.
Bunlar yalnız versiyalardır, halbuki, Türkiyədə hakimiyyətin media üzərində nəzarət imkanları müdaxilənin edilməsini asanlaşdırır, yaxud ən azı səssiz qalmaya bilərlər. Bu baş vermirsə, o halda Türkiyə hakimiyyətinin anti-Azərbaycan kampaniyasında maraqlı olduğu variantı aktuallaşır.
Azərbaycan üçün əsas məsələlərdən biri qarayaxma kampaniyasında yayılan materialları kimin yazdığı, yaxud prosesdəki piyadalar o qədər də maraqlı deyil. Məsələ bu kampaniyanın niyə aparıldığı, hansı maraqlara xidmət etdiyi və Türkiyənin səlahiyyətli qurumlarının bu mövqeyidir.
Və əsas “qırmızı xətt” suverenlikdir. Azərbaycan daxili və xarici siyasətini Ankaranın, Moskvanın, Tehranın, Brüsselin və ya Vaşinqtonun istəkləri əsasında deyil, öz milli maraqları əsasında formalaşdırır. Strateji müttəfiqlik də tərəflərdən birinin digərinin iradəsinə tabe olması demək deyil. Əksinə, müttəfiqlik qarşılıqlı suverenliyə hörmət, milli maraqların nəzərə alınması və ziddiyyətlərin açıq siyasi dialoq vasitəsilə həlli deməkdir. Bu prinsip Azərbaycan üçün nə qədər keçərlidirsə, Türkiyə üçün də bir o qədər keçərli olmalıdır.