BAKI, 25 avqust. TELEQRAF
"“Hapoel” çətin rəqibdir. İlk matçda da göründü ki, oyun baxımından topla oynamağı xoşlayan komandadır".
Bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis "Sabah"ın UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off turunda "Hapoel"lə cavab oyununda şanslarının olduğunu söyləyib:
"Rəqibin xüsusilə hücumda daha kreativ futbolçuları var. Hər zaman təhlükə yaradırlar. Amma zəif cəhətlərini də demək lazımdır: hücum zamanı ortada boşluqları yetərincədir və “Sabah” bundan məharətlə istifadə edə bilər.
2:1 hesablı məğlubiyyətə baxmayaraq, “Sabah”ın oyunu, bugünkü vəziyyəti onu göstərir ki, evdə azarkeş dəstəyi ilə bu səddi keçə bilər. Komanda ilk oyunu düzgün analiz edib, rəqibin zəif və güclü tərəflərini nəzərə alaraq və öz oyununu göstərərək qalib gələ bilər. Ümid edirəm, “Sabah” bu səddi keçərək ölkəmizi UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək".
Qeyd edək ki, "Sabah" bu gün UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off turunda İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə cavab oyununa çıxacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 20:45-də start götürəcək. Tərəflər arasında keçirilən ilk matç İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.