BAKI, 30 iyul. TELEQRAF
“Neftçi” futbol klubu qapıçı Kenan Piriçin meneceri Admir Husariçin Teleqraf-a müsahibəsində azərbaycanlı qapıçılarla bağlı səsləndirdiyi fikirlərə rəsmi mövqeyini açıqlayıb.
“Ağ-qaralar”ın media üzrə koordinatoru Rüstəm Əfsərli saytımıza açıqlamasında Admir Husariçin Kenan Piriçin artıq keçmiş agenti olduğunu deyib.
“Futbolçumuz bir müddətdir onunla əlaqəni kəsib və əməkdaşlığa son qoyub. Belə hesab edirik ki, bu cür açıqlamalar şəxsi maraqlara qulluq etməklə ya kimlərinsə diqqətini cəlb etmək, ya da klub daxilindəki ab-havanı korlamağa cəhdə hesablanıb. Amma nə klub, nə də Piriç bu açıqlamalardan narahatdır, çünki bunlar təxəyyül məhsulundan başqa bir şey deyil, ola da bilməz".
Onun sözlərinə görə, komandada qapıçı mövqeyində güclü və sağlam rəqabət var: "Kenan da bu rəqabətin içindədir və komandanın uğurları üçün əlindən gələni etməyə çalışır. Kimin meydana çıxmasına isə baş məşqçi qərar verir.
O ki qaldı Emil Balayevin "simulyasiya" məsələsinə... Bunun bir adı var - böhtan. Hər kəs gördü ki, Emil bir epizodda xəsarət aldı və hətta tibbi yardıma da ehtiyac duydu. Baş məşqçi isə mümkün ciddi zədə riskini nəzərə alıb onu fasilədə əvəzləmək qərarı verdi. Ötən bu bir həftədə Balayev lazımi müalicəni alıb və hazırda komanda ilə birgə məşq edir", - deyə o vurğulayıb.
Qeyd edək ki, “Transfermarkt” portalında Admir Husariçin şirkəti olan AK Sport şirkətinin təmsil etdiyi futbolçular arasında Kenan Piriçin adı yer alır.
Xatırladaq ki, Kenan piriç ötən ilin iyulunda “Neftçi”yə transfer olunub. Onun Bakı təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.