BAKI, 11 iyun. TELEQRAF
2026-cı il dünya çempionatı bu gün start götürəcək.
Teleqraf turnir öncəsi Azərbaycanın tanınmış baş məşqçiləri arasında sorğu keçirib.
Mütəxəssislər dəstəkləyəcəkləri komandaları və favoritlərini açıqlayıblar.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mundialda əsas favoritinin İspaniya olduğunu deyib. Təcrübəli mütəxəssis azarkeşlik edəcəyi yığmaların Türkiyə və İspaniya olduğunu vurğulayıb:
“Favoritim İspaniyadır. Azarkeşlik edəcəyim yığmalar isə Türkiyə və İspaniyadır”.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Xorvatiya millisinin uğur qazanmasını arzulayır:
“Xorvatiya millisini dəstəkləyəcəyəm və bu komandanın çempion olmasını istəyirəm”.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun favorit seçimi Braziliyadır. Mütəxəssis azarkeşlik edəcəyi komandalar arasında Argentinanın xüsusi yer tutduğunu söyləyib:
“Bizə yaxınlığı baxımından isə Türkiyə və Özbəkistan yığmalarını dəstəkləyəcəm”.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidubun fikrincə, çempionluq uğrunda əsas mübarizə üç komanda arasında gedəcək:
“Fransa, Argentina və İspaniyanı əsas namizədlər hesab edirəm. Məncə, çempion bu üç komandadan biri olacaq. Azarkeşlik edəcəyim komandalar da məhz bunlardır və onlardan birinin kuboku qazanmasını istəyərəm”.
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Türkiyə və Fransa millilərinə azarkeşlik edəcəyini bildirib. O, İspaniya, Braziliya və Argentinanı ənənəvi favoritlər sırasında göstərsə də, İngiltərə millisinin çıxışını xüsusi maraqla izləyəcəyini qeyd edib:
“İngiltərə yığmasına alman məşqçi gətiriblər və komanda iddialı görünür. Portuqaliyanı da favoritlər sırasında qeyd etmək olar. Türkiyənin uzun fasilədən sonra dünya çempionatına qatılması sevindiricidir. Düşünürəm ki, qrupdan çıxmaq onlar üçün böyük uğur olacaq. Sonrakı mərhələlər isə püşkdən asılı olacaq”.
“Şamaxı”nın baş məşqçisi Azər Bağırov isə dünya çempionatında əsas dəstəyini Türkiyə millisinə verəcək. O, Almaniya və Niderlandın oyunlarını da maraqla izlədiyini söyləyib:
“Alman futbolunu çox sevdiyim üçün Almaniya və Niderland yığmalarının oyunlarını həmişə maraqla izləyirəm. Amma bu dünya çempionatında Türkiyəyə azarkeşlik edəcəm”.