BAKI, 4 iyun. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubu Portuqaliya təmsilçisi “Sportinq”in futbolçusu Luis Suarez üçün hərəkətə keçib.
Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilir ki, klubun prezidentliyə namizədlərindən biri kolumbiyalı forvardla birbaşa əlaqə saxlayıb və futbolçuya çox cəlbedici maliyyə təklifi irəli sürülüb.
Tərəflər arasında ilkin razılığın əldə olunduğu iddia olunur. Hakan Safi seçkidə qalib gələrsə, “Fənərbağça”nın “Sportinq”ə rəsmi təkliflə müraciət edəcəyi gözlənilir. Hazırda isə Portuqaliya klubu futbolçunun satışını müzakirə mövzusu hesab etmir.
Qeyd edək ki, 22,1 milyon avroya “Almeriya”dan transfer olunan 28 yaşlı hücumçu ötən mövsüm 53 oyunda 38 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Sportinq”lə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir, sərbəstqalma məbləği isə 80 milyon avrodur.