BAKI, 23 may. TELEQRAF
Mövsümü çempion kimi başa vuran “Qalatasaray” yeni sezon üçün transfer çalışmalarını sürətləndirib.
Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi icarə əsasında “Udineze”də çıxış edən Nikolo Zaniolonun gələcəyi ilə bağlı İtaliya klubu ilə danışıqlar aparır.
İtaliya mətbuatında yer alan məlumata görə, “Udineze” Zaniolonun transfer hüquqlarını almaqda maraqlıdır. “Qalatasaray” isə bunun qarşılığında A Seriyası təmsilçisinin gənc yarımmüdafiəçisi Artur Attanı heyətinə qatmaq istəyir.
Bildirilir ki, “Udineze” 22 yaşlı futbolçu üçün 30 milyon avrodan çox məbləğ tələb edir. “Sarı-qırmızılılar” bu rəqəmi aşağı salmaq üçün danışıqlara Viktor Nelssonu da daxil etməyi planlaşdırır.
Ötən mövsümü icarə əsasında “Hellas Verona”da keçirən danimarkalı müdafiəçinin transfer prosesində əsas fiqurlardan biri kimi istifadə oluna biləcəyi qeyd olunur.