BAKI, 23 may. TELEQRAF
“Barselona” yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Teleqraf xəbər verir ki, Kataloniya klubu “Malyorka”nın hücumçusu Vedat Muriqi ilə maraqlanır.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
İddialara görə, “Barselona” mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Robert Levandovskinin yerinə alternativ variantları nəzərdən keçirir.
Kataloniya təmsilçisinin baş məşqçisi Hansi Flikin kosovolu forvardı xüsusilə bəyəndiyi bildirilir. Almaniyalı mütəxəssis Muriqinin hava toplarındakı üstünlüyünü, fiziki gücünü və mübariz oyun tərzini yüksək qiymətləndirir.
Digər tərəfdən, “Malyorka”nın La Liqada qalmaq uğrunda mübarizə apardığı qeyd olunur. Klub aşağı liqaya düşəcəyi halda, Vedat Muriqinin sərbəst qalma məbləğinin ciddi şəkildə azalacağı bildirilir.
“Barselona”nın da bu vəziyyəti yaxından izlədiyi iddia edilir.
Qeyd edək ki, Türkiyə Superliqa nəhənglərindən "Fənərbağça" sabiq hücumçusunu yenidən komandaya qaytarmaq istəyir. Son çempion "Qalatasaray" da Muriqinin transferində maraqlıdır.