BAKI, 23 may. TELEQRAF

Türkiyə Kubokunun qalibi olan “Trabzonspor”un UEFA Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşib.

Teleqraf xəbər verir ki, "bordo-mavilər" turnirə pley-off mərhələsindən qoşulacaq.

“Trabzonspor” avqustun 3-də keçiriləcək püşkatmadan sonra rəqibini tanıyacaq. Türkiyə təmsilçisi bu mərhələni adlayacağı halda Avropa Liqasının liqa mərhələsində çıxış edəcək. Komanda pley-offda məğlub olarsa, mübarizəni UEFA Konfrans Liqasının liqa mərhələsində davam etdirəcək.

Qara dəniz təmsilçisinin Avropa Liqasında 14 potensial rəqibi bunlardır: “Braqa” (Portuqaliya), “Reyncers” (Şotlandiya), “Ferentsvaroş” (Macarıstan), “Viktoriya Plzen” (Çexiya), “Midtyulland” (Danimarka), PAOK (Yunanıstan), “Zaltsburq” (Avstriya), “Şemrok Rovers” (İrlandiya), “KuPS Kuopio” (Finlandiya), “Hapoel Beer-Şeva” (İsrail), “Drita” (Kosovo), “Linkoln Red İmps” (Cəbəllütariq), “Borats Banya Luka” (Bosniya və Herseqovina) və “Sent-Trüden” (Belçika).

“Trabzonspor”un kubok qələbəsindən sonra “Beşiktaş”ın da avrokuboklara başlayacağı mərhələ dəqiqləşib. İstanbul təmsilçisi UEFA Avropa Liqasına II təsnifat mərhələsindən start verəcək.

“Beşiktaş”ın potensial rəqibləri sırasında “Braqa”, “Olimpiakos”, “Kopenhagen”, “Ferentsvaroş”, “Viktoriya Plzen”, “Qarabağ”, “Makkabi”, “Anderlext”, “Pafos”, “Reyncers”, “Seltik” və “Midtyulland” yer alıb.

Qeyd edək ki, “Trabzonspor” Türkiyə Kubokunun finalında “Konyaspor”u 2:1 hesabı ilə məğlub edərək avrokuboklara vəsiqə qazanıb.