BAKI, 22 may. TELEQRAF
“Real Madrid” mövsümün sonunda David Alaba ilə yollarını ayıracaq.
Teleqraf xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada tərəflərin cari mövsümün sonunda əməkdaşlığı başa çatdırmaq barədə razılığa gəldiyi bildirilib.
32 yaşlı müdafiəçi “Real Madrid” formasını 5 mövsüm geyinib. Avstriyalı futbolçu bu müddətdə Madrid təmsilçisinin heyətində 131 oyuna çıxıb və 11 titul qazanıb.
Alaba “kral klubu” ilə 2 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə FİFA Klublararası Dünya Kubokunun, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə La Liqanın, 1 dəfə İspaniya Kral Kubokunun və 2 dəfə İspaniya Super Kubokunun qalibi olub.
Qeyd edək ki, David Alaba ilə vida mərasimi “Real Madrid”in mövsümdəki son La Liqa oyunu zamanı “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.