BAKI, 22 may. TELEQRAF

Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off cütünün tərkibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, I Liqanın sonuncu – XXVII turunda “Mingəçevir” doğma meydanda “Səbail”i qəbul edib.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşma bölgə təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri rəqibini 4:1 hesabı ilə məğlub ediblər.

Bu qalibiyyət “Mingəçevir” üçün xüsusi əhəmiyyət daşıyıb. Komanda xallarının sayını 51-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib və Premyer Liqaya vəsiqə uğrunda pley-offda iştirak hüququ qazanıb.

“Səbail” isə 50 xalla üçüncü yerdə qalıb və mövsümü pley-off zonasından kənarda tamamlayıb.

Beləliklə, I Liqanı ikinci sırada bitirən “Mingəçevir” Misli Premyer Liqasında 11-ci yeri tutan “Qəbələ” ilə üz-üzə gələcək.