BAKI, 22 may. TELEQRAF
Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu baş məşqçi Jorje Jezus ilə yollarını ayırmağa hazırlaşır.
Teleqraf xəbər verir ki, portuqaliyalı mütəxəssis liqanın son turunda “Damak” üzərində 4:1 hesablı qələbədən sonra komandadan ayrılacağını açıqlayıb. Həmin nəticə ilə “Əl Nəsr” yeddi illik fasilədən sonra yenidən ölkə çempionu olub.
Oyundan sonra canlı yayımda danışan Jorje Jezus bu matçın onun “Əl Nəsr”in baş məşqçisi kimi son qarşılaşması olduğunu bildirib. Təcrübəli çalışdırıcı bir müddət Braziliyada istirahət edəcəyini də qeyd edib.
Jezus açıqlamasında sabiq klubu "Fənərbağça" barədə də danışıb:
“Demək olar ki, hər yerdə çempion olmuşam. Çempion ola bilmədiyim yeganə klub “Fənərbağça”dır. Ola bilsin ki, orada tamamlamalı olduğum bir hekayə var. Bu da variantlardan biridir”.
Portuqaliyalı məşqçinin bu sözləri onun yenidən “Fənərbağça”ya qayıda biləcəyi ilə bağlı iddiaları daha da gücləndirib.