BAKI, 22 may. TELEQRAF
Futbol üzrə Azərbaycan I Liqasında Premyer Liqaya vəsiqə uğrunda həlledici qarşılaşma bu gün keçiriləcək.
Teleqraf xəbər verir ki, sonuncu - XXVII tur çərçivəsində "Mingəçevir" öz meydanında "Səbail"i qəbul edəcək.
Saat 17:00-da start götürəcək görüş Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq. Qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Hazırda "Səbail" 50 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 48 xala malik "Mingəçevir" isə üçüncü sıradadır. Bu səbəbdən matçın nəticəsi Premyer Liqaya yüksəliş uğrunda pley-off iştirakçısını müəyyənləşdirəcək.
Qeyd edək ki, I Liqanı ikinci pillədə başa vuran komanda Premyer Liqada 11-ci yeri tutan "Qəbələ" ilə pley-off oyununa çıxacaq.