BAKI, 22 may. TELEQRAF
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə ölkə çempionu olmaqla peşəkar karyerasında 35-ci titulunu qazanıb.
“Teleqraf” xəbər verir ki, Ronaldunun ilk titulu 2002-ci ildə “Sportinq”in heyətində qazandığı Portuqaliya Superkuboku olub.
Daha sonra futbolçu İngiltərənin “Mançester Yunayted” klubu ilə 9, İspaniyanın “Real Madrid” komandası ilə 15, İtaliyanın “Yuventus” klubu ilə isə 5 titul əldə edib. Ronaldu 2022-ci ildə “Əl-Nəsr”ə transfer olunub. O, bu komandada daha əvvəl yalnız Ərəb Çempionları Kubokunun (2023) qalibi olmuşdu.
Kriştianu Ronaldu futbol tarixinin, milli komandaların, Avropa çempionatlarının və Avropanın əsas klub turniri sayılan Çempionlar Liqasının ən məhsuldar bombardiri hesab olunur. Portuqaliya millisinin heyətində isə o, 2016-cı ildə Avropa çempionu, 2019 və 2025-ci illərdə UEFA Millətlər Liqasının qalibi olub.
Bundan əvvəl TASS Ronaldunun 2026-cı il dünya çempionatı üçün Portuqaliya millisinin yekun heyətinə daxil edildiyini bildirib. 41 yaşlı futbolçu üçün bu mundial karyerasında altıncı olacaq.