BAKI, 21 may. TELEQRAF
Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso “Əl-Nəsr”in hücumçusu Con Duranı 2026-cı il dünya çempionatı öncəsi hazırlıq toplanışına buraxmayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Infobae” nəşri məlumat yayıb.
Buna səbəb 22 yaşlı futbolçunun turnir üçün komandanın geniş heyətinə daxil edilməsinə baxmayaraq bazar ertəsi Quarnedə başlayan toplanışda iştirak etməməsidir. Hücumçu bu gün komandanın Medellindəki təlim-məşq bazasına gəlsə də, milli ilə məşqlərə qatılmasına icazə verilməyib.
İddialara görə, Duran DÇ-2026 üçün yekun heyətə daxil edilməyəcək.
O, mayın 14-də şəxsi səbəblərlə əlaqədar icarə əsasında çıxış etdiyi “Zenit”in düşərgəsini tərk edərək Kolumbiyaya qayıdıb.
Qeyd edək ki, Kolumbiya millisi DÇ-2026-nın qrup mərhələsində Özbəkistan (18 iyun), Konqo Demokratik Respublikası (24 iyun) və Portuqaliya (28 iyun) ilə qarşılaşacaq.